Murad Mayıl oğlu Nağıyev 9 fevral 1997-ci ildə Qazax rayonunda ailənin sonbeşiyi olaraq dünyaya gəlmişdir. O hələ bir yaşı tamam olmamış ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüş, burada Bakıxanov qəsəbəsində yaşamağa başlamışdır.
Təhsilə 2003-cü ildə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 271 nömrəli tam orta məktəbdə başlayan Murad Nağıyev tezliklə həm öz zəkası, həm də tərbiyəsi ilə digərlərindən seçilmiş və müəllimlərinin sevimlisinə çevrilmişdir. O burada 8 il təhsil aldıqdan sonra 2011-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul imtahanlarında iştirak etmiş və burada yüksək nəticə göstərdiyinə görə İstanbulda yerləşən nüfuzlu Kuleli Askeri Lisesinə (Kuleli Hərbi Liseyi) seçilmişdir.
Murad Nağıyev Kulelidə də özünü doğrultmuş, xüsusilə də riyaziyyatdan yüksək nəticələr göstərdiyinə görə müəllimləri tərəfindən ona “matematik dehası” (riyaziyyat dahisi) adı verilmişdir. O həm də erkən yaşlarından müxtəlif silahlarla tanış olmuş, yay toplanışlarında və təlimlərdə iştirak etmiş və NATO-nun ən böyük ikinci ordusunda nümunəvi zabit kimi formalaşmağa başlamışdır. Daha sonra Murad Nağıyev liseyi müvəffəqiyyətlə bitirərək 2015-ci ildə Ankarada yerləşən digər bir nüfuzlu ali hərbi təhsil müəssisəsi olan Kara Harp Okuluna (Quru Qoşunları Məktəbi) daxil olmuşdur. O, 2016-cı ildə azərbaycanlı kursant yoldaşları ilə birlikdə vətənə geri qayıtmış və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) təhsilini davam etdirmişdir. Murad Nağıyev 2020-ci ildə buranın Quru Qoşunları fakültəsini və Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin “Zabit ixtisas kursu”nu bitirmiş və “Tank bölmə, hissə və birləşmələrin döyüşə tətbiqi” ixtisası üzrə məzun olmuşdur. Bununla da o ümumilikdə 9 illik yüksək səviyyəli hərbi təhsilə yiyələnmişdir.
Murad Nağıyev Azərbaycan Respublikası müdafiə nazirinin 19 iyun 2020-ci il tarixli əmri ilə “leytenant” hərbi rütbəsi almışdır. O, Bakı yaxınlığında yerləşən N saylı hərbi hissədə tank taborunun tank bölüyünün tank taqımının komandiri vəzifəsində xidmətini davam etdirmişdir.
Murad Nağıyev 27 sentyabrda başlayan Vətən müharibəsinə elə həmin gün yollanmışdır. Qızğın döyüşlərin getdiyi Füzuli istiqamətində hərbi əməliyyatlarda iştirak etmişdir. Komandirlərinin əmrlərinə və rütbəcə yüksək yoldaşlarının israrlarına baxmayaraq o: “Mən zabitəm, öz tankımda özüm gedəcəyəm! Həm də siz ailəlisiniz, uşaqlarınız var, mən isə subayam”, ‒ deyərək ən ön sıralarda döyüşə atılmışdır. Komandiri təbəssümlə: “İndiyə qədər əmrimə tabe olmayan bir Murad oldu”, ‒ deyərək xatırlayır o anları.
Murad Nağıyev tank taqım komandiri olaraq tabeliyindəki tanklarla birlikdə Kənd Horadizin alınmasında şücaət göstərmiş, Füzuli, Cəbrayıl, Zəngilan və Hadrut istiqamətlərindəki döyüşlərdə düşmənin xeyli sayda strateji obyektini, atəş nöqtələrini, zirehli texnikasını və 50-yə yaxın şəxsi heyətini məhv etmiş, düşmən texnikasını qənimət götürmüşdür.
O, oktyabrın 11-də Cəbrayıl istiqamətindəki döyüşlərdə düşmənin uzaqdan idarə olunan tank əleyhinə raket zərbəsi nəticəsində şəhidlik zirvəsinə ucalmışdır. Silahdaşlarının dediyinə görə Murad həmin gün də israr etmişdi ki, bu gün kolonda bizim tank birinci gedəcək.
Onun şəhid olduğu ərazi bir neçə gündən sonra tam nəzarətə götürülə bilmiş və həmin gecə bayrağa sarılı nəşi Bakıya gətirilmişdir. Murad Nağıyev oktyabr ayının 20-də İkinci Fəxri xiyabanda dəfn olunmuşdur.
Murad Nağıyev Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.
Leytenant Murad Nağıyev həm də Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
Murad Nağıyev ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərdiyinə və vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Murad Nağıyev uşaq yaşlarından incəsənətə maraq göstərmiş, müxtəlif musiqi alətlərində ifa etməyi öyrənmiş, həmçinin həm türkcə, həm də ana dilində şeirlər yazmışdır. Onun şeirləri müəllimləri tərəfindən yüksək qiymətləndirilmiş və hələ Kulelidə təhsil alarkən 2015-ci ildə “Mürekkebimdir Kuleli” kitabında çap edilmişdir. Şəhadətindən sonra isə Murad Nağıyevin şeirləri müxtəlif ədəbiyyat çevrələrində tanınıb bəyənilmiş, “Kardeş Kalemler” jurnalında və “Ədəbiyyat qəzeti”ndə dərc olunmuşdur.
2022-ci ilin fevral ayında Murad Nağıyevin şərəfli həyatından və şanlı döyüş yolundan bəhs edən, özünün müəllifi olduğu şeirlərin də daxil edildiyi “Murad” kitabı işıq üzü görmüşdür. Murad Nağıyevin həyatını onun gözündən təsvir edən, Kamran Ağabalayevin Muradın şeirlərini səsləndirdiyi, onun dilindən danışdığı “Qayıtsaydım” filmi 2022-ci ilin oktyabr ayında təqdim olunmuşdur.
2023-cü ildə Murad Nağıyevin adı doğulduğu Qazax rayonunda, həmçinin böyüyüb boya-başa çatdığı Bakıxanov qəsəbəsində mərkəzi küçələrə verilmişdir. 2023-cü ildə həm də muradnagiyev.com internet səhifəsi istifadəyə verilmişdir.