Bütün xatirələr

Aynurə və Samirə Həsənovalar
(xalası qızları)

    Aynurə: Murad bizim evin balacası, sevimlisi idi. Onun körpəliyi, uşaqlığı bizdə keçmişdi. Hamımızın əzizi, dəyərlisi idi. O çox ağıllı, tərbiyəli, hər kəsə qarşı sevgi dolu, canayaxın bir uşaq idi. Hamımız onu əzizləyir, çox istəyirdik. O bizim kiçik qardaşımız, canımız idi. Onun yoxluğu hamımıza çox böyük dərddir. Muradın artıq həyatda olmadığına inanmaq çox çətindir. 
    Samirə: Murad haqqında danışmaq mənim üçün çox çətindir. Muradgilin bacısı yoxdur, amma biz ona bacı kimi idik, o da bizim qardaşımız, heç vaxt böyüməyən körpəmiz idi. 
    Murad deyəndə mənim gözümün qabağına dağ başında yaşayan qartal gəlir. O da bir qartal kimi qorxmadan, çəkinmədən düşmənin üzərinə şığıdı. Murad həmişə birinci olmaq istəyərdi. Çalışardı ki, həmişə ən ön sıralarda olsun. Elə Vətən müharibəsində də ən ön sıralarda iştirak etdi.
    Aynurə: O, uşaqlığında hər il yay tətilini bizdə keçirərdi. Muradın artıq 6 yaşı tamam olmuşdu və həmin il o, məktəbə başlamalı idi. Həmin yay mən onun əlindən tutub, ilk dəfə hərfləri yazmağı öyrətməyə başladım. Murad çox həvəsli və bacarıqlı idi. Buna görə də o tez bir zamanda bütün hərfləri öyrəndi və artıq sərbəst yazmağa başladı. Lakin oxumaqda bir az çətinlik çəkirdi. Hətta yadımdadır, onu bir neçə dəfə danladım ki, bütün hərfləri tanıyırsan, bəs niyə oxuya bilmirsən? Bundan sonra o təkbaşına çalışıb, oxumağı da öyrəndi. Murad çox əzmli və bacarıqlı olduğu üçün cəmi bir neçə ay ərzində sərbəst yazıb-oxumağı öyrənmişdi.
    Həmin yay mən Murada latın əlifbası ilə yazıb-oxumağı öyrətmişdim. Amma bizdə həm də kiril əlifbası ilə olan xeyli kitab var idi. Murad o kitablara da böyük maraq göstərirdi. Buna görə də o, kiril əlifbasını heç kimin köməyi olmadan təkbaşına öyrəndi və həmin kitabları da oxumağa başladı. Bu onun kitaba, elmə, oxumağa olan həvəsinin nəticəsi idi. O çox bacarıqlı və istedadlı bir uşaq idi.
    – Uşaqların əzbərlədikləri ilk şeir, adətən, Abdulla Şaiqin “Xoruz”, ya da “Keçi” şeirləri olur. Bəs Muradın öyrəndiyi ilk şeir hansı idi? 
    Samirə: Murad da o şeirləri lap körpəliyindən bilirdi, amma yadıma gəlir ki, onun özünün oxuyub əzbərlədiyi ilk şeir Əhməd Cəmilin “Can nənə, bir nağıl de” şeiri idi. Şeir 6-cı sinfin kitabında olsa da, Murad bu şeiri əzbərləyəndə onun cəmi 5, ya da 6 yaşı var idi.
    Aynurə: Bunlar onun gələcək təhsilindəki uğurlarının ilk nişanələri idi. Murad məktəbdə də biliyi və bacarığı ilə seçildi və yüksək balla Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olundu.
    Samirə: Birinci olmaq, qabaqda getmək onun lap uşaq vaxtlarından olan xüsusiyyəti idi. O həmişə deyərdi ki, böyük evi, bahalı avtomobili olacaq. Heç vaxt kiçik şeylərlə kifayətlənməzdi. Həmişə və hər şeydə birinci olmaq istəyərdi. Oxumaqda da, gəzməkdə də... Məhz bu birinci olmaq istəyi, vətən eşqi Muradı müharibəyə də, döyüşə də birinci apardı.
    – Bəs Muradın xarakteri necə idi?
    Aynurə: Murad çox kövrək, incəqəlbli, təmizürəkli bir uşaq idi. Bütün uşaqlar kimi dəcəllikləri, təbii ki, var idi, amma o heç vaxt heç kimi incitməzdi, hamıya qarşı sevgi dolu idi. Muradın musiqiyə, şeirə olan marağı da onun qəlbinin saflığından, incəliyindən, sevgi dolu olmağından irəli gəlirdi.
    Samirə: O, uşaq vaxtlarından hamının sevimlisi idi. Muradı tanımayan adamlar belə onun danışığına, şirinliyinə valeh olurdular.
    Evimizin yanında park var idi. Xalası, yəni anam onu parka aparanda Murad həmişə gedib özündən yaşca böyük insanlarla söhbət edərdi. Anam da hirslənərdi ki, sən niyə yaşıdlarınla oynamaq əvəzinə gedib tanımadığın adamlarla danışırsan?
    Bir dəfə Muradla qonaq gedirdik. Yolda dondurma istədi. Mən də pul verdim ki, gedib alsın. Geri qayıdanda gördüm, həm dondurma, həm də pul hələ də əlindədir. Soruşdum ki, pulu niyə verməyibsən? Dedi ki, verdim, amma satıcı götürmədi
    Aynurə: Bu gün Murad haqqında keçmiş zamanda, bir xatirə kimi danışmaq çox çətin və ağırdır. Nə ürəyimiz, nə də beynimiz bunu heç cür qəbul edə bilmir. O hər zaman bizim ürəyimizdə, qəlbimizdə yaşayacaq.
    Allah bütün şəhidlərimizə rəhmət eləsin, eyni zamanda bizim Muradımıza. Hamımız səni çox istəyirdik, Muradım. Yerin cənnət olsun. Əminəm ki, məhz elə oradasan.