Bütün xatirələr

Mehriban Əliyeva
(AAHM-də ingilis dili müəllimi)

    Murad Türkiyədə Kuleli liseyini bitirib Kara Harp Okuluna qəbul olmuşdu. Müəyyən səbəblərə görə onların təhsili orada yarımçıq qaldı, onlar AAHM-ə gəlib təhsillərini davam etdirdilər. O vaxtlar uşaqlar çox stresli idilər. Arzuları sanki yarımçıq qalmışdı. Muradı təzə gələndə tanımasam da, onun kimi başqa gələn uşaqlara, sonralar Muradın özünə də deyirdim ki, Allah bilən məsləhətdir. Bəlkə də, sizin oradan yarımçıq gəlməyiniz yaxşılığa doğrudur. Nə biləydim sonunun belə olacağını.
    Vətən müharibəsi başlayanda hamı kimi mən də çox həyəcanlanmışdım. Başqalarının ailəsindən, qonşusundan 1–2 nəfər müharibəyə gedəndə mənim yüzlərlə kursantım müharibədə iştirak edirdi. Özü də hamısı ön cəbhədə, odun-alovun içində döyüşürdü.
    Bu müharibədə mənim çox kursantım şəhid oldu. Ha-mısı da ayrı-ayrı yandırdı məni. Amma 2020-ci ilin məzunları məni daha çox yandırdı. Çünki 2020-ci ilin kursantları çox bəxtsiz oldular. Pandemiya başqa insanlara ziyan vurduğu kimi kursantlara da öz təsirini göstərdi. Bütün ilboyu buraxılışa getmədilər. Novruz bayramında nə özləri evə getdilər, nə də ailələri onların yanına gələ bildi. Bayram şirniyyatları yemədilər. Bütün gün telefonsuz, sosial şəbəkəsiz yaşadılar.
    Sonunda da məktəbi bitirdilər. Onların “Məzun günü” də soyuq, qısa oldu. Diplomlarını verib yola saldılar. Mən tədbirin kiçik bir hissəsini televizordan izlədim və inanın, hönkürtü ilə ağladım. Onlar məzun oldular, amma heç məzuniyyətə də getmədilər. Birbaşa diplomlarını alıb hərbi hissələrinə yollandılar və cəmi 2–3 ay leytenant maaşı aldılar. Onunla da həyatları sona çatdı.
    Dərs dediyim kursantların arasında ilk Murad Nağıyevin şəhid xəbəri gəldi. Onu şəxsən tanımağım bir başqa təsir edirdi mənə. Murad çox savadlı, ağıllı, mədəni kursant idi. Bu məktəbə gələndən sonra oxumaqdan bir az soyumuşdu, çünki Türkiyəyə başqa arzularla qəbul olmuşdu. Amma, necə deyərlər, biz nəyin necə olacağını bilmərik. Allah hər şeyi özü bilir.
    Dərsdə danışanda həmişə üzü gülürdü. Nə olsa da, həmişə təbəssümü üzündə olurdu. Həkim dişlərinə breket qoymuşdu. Deyirdim: “Ay Murad, dişlərini düzəltdirirsən ki, qızlara göyçək görünəsən?” Gülürdü, qızarırdı. Çox abırlı balaydı.