
Baxıram şəhidlərimizin şəkillərinə, hamısı gülüzlü, mələksimalı, çoxu da südqoxulu ana uşağı... Kimisi boy-buxunlu, kimisi də cələf-cılız... Amma onların göstərdikləri igidliyə, şücaətə baxanda insan belə bir xalqın, belə bir millətin nümayəndəsi olduğu üçün qürur duyur.
Mən Muradgilə “A” qrupunda dərs deyirdim. Bu qrupda oxuyan uşaqlar ingilis dilindən bilik səviyyəsinə görə seçilmiş, yəni daha yaxşı oxuyanlar idi. Onların çoxu Türkiyədə təhsil alan, lakin daha sonra siyasi vəziyyətə görə geri çağırılanlar, geri qaytarılanlar idi. Ona görə də bu uşaqlarda bir az ruhdüşkünlüyü var idi. Mən onları həvəsləndirməyə, ruhlandırmağa səy göstərirdim. Əlimdən gəldiyi qədər onları tanımağa çalışırdım. Bildiyiniz kimi, hərbi məktəbdə oxuyan uşaqlar vaxtından əvvəl böyüyüb kişiləşirlər. Murad da belə idi. Amma təbiətcə çox sakit idi. Yalnız dərsə qaldıranda mənə məlum olurdu ki, o, dərsə hazırlıqlı bir kursantdır. Mən ən çox onda olan abır-həyanı qiymətləndirirdim. Murada dərsdə sual verəndə, ya da bir irad tutanda o çox utanardı. Yanaqları qıpqırmızı qızarar, utancaq baxışlarını yerdən qaldıra bilməzdi. Muradda olan bu abır-həya indiki gənclərimizdə çox az tapılan bir keyfiyyətdir. Mən hər dəfə uşaqlara deyərdim ki, siz hamınız öz ailənizin güzgüsüsünüz. Onlar razılaşmaz, deyərdilər ki, xeyr, müəllim, insanı mühit formalaşdırır.
Bir gün axşam dərsində, yəni fakültativdə idik. Onlar “A” qrupu olduqları üçün əlavə dərslər keçirdik ki, xarici dili daha yaxşı mənimsəsinlər. Dərsin son günləri idi. Uşaqlar buraxılışa hazırlaşdıqları üçün dərsə gələnlərin sayı az idi. Buna baxmayaraq mən yenə də dərsi tam ciddiyyətlə keçir, verdiyim tapşırıqları tələb edirdim. Dərsdə olanların içərisində Murad da var idi. Kursantlar mənə dedilər:
– Ay müəllim, onsuz da dərsin son günləridir. Nə qədər dərs keçmək olar? İcazə verin, Murad öz şeirlərini oxusun.
Özüm də ədəbiyyat həvəskarı olduğum üçün mənə maraqlı gəldi. “Sən şeirmi yazırsan?” ‒ deyə soruşdum. Murad utandı, yanaqları həmişəki kimi allandı. Mən onu ürəkləndirdim. “Məşhur şairlər yetişdirən bir torpağın oğlu, əlbəttə ki, şeir yazar”, ‒ dedim. Oxudu şeirlərini səsi titrəyə-titrəyə. “Nə gözəl şeirlərin var, Murad”, ‒ dedim. Bəzisi vətənə aid idi, bəzisi də sevgiyə. “Sevdiyin biri varmı?” ‒ deyə soruşdum. O da həmişəki kimi utana-utana:
“Xeyr, yoxdur. Elə-belə yazmışam”, ‒ dedi. “Gözəl şeirlərdir. Çox gözəl şeirlərin var. Bunları çapa ver”, ‒ dedim.
Onlar həvəslə törənə hazırlaşırdılar, yəni buraxılış gününü gözləyirdilər. Sonra pandemiya başladı, biz nə görüşə bildik, nə də vidalaşa. Ulduzlarını doya-doya taxa bilməyən sevimli tələbələrim, heyif sizlərə... Heyif yarımçıq qalan ömrünüzə, yarımçıq qalan arzularınıza... Çiçək ömrü, gül ömrü yaşayan gül balalarımız...