Bütün xatirələr

Elçin Məmmədov
(dostu)

    Elçin: Bəzi hissləri sözlərlə ifadə etmək çox çətindir. Bəzən sözlər hisslərin ifadəsi üçün gücsüz olur, aciz qalır. Muradla bizim dostluğumuzu hansısa hərflər, sözlər və ya cümlələrlə izah edə bilmərəm.
    – Muradla necə tanış olmusunuz?
    Elçin: İlk tanışlığımız bağçada olub. Deyir, “Murad” sözünü yaza bilmirdim, amma Murad olduğumu bilirdim. Hərfləri tanımırdıq, amma bir-birimizin adını bilirdik. Daha sonra məktəbdə sinif yoldaşı olduq, birlikdə oxuduq, birlikdə böyüdük. Murad hərbi liseyə qəbul oldu, sonra AAHM-də təhsilini davam etdirdi. Mən universitetə qəbul oldum, amma bizim yollarımız heç ayrılmadı, çünki dostluğumuz daimi və əbədi idi. Hər il yayda Azərbaycanın səfalı, görməli yerlərinə gəzməyə gedər, Qubada, Nabranda gözəl vaxt keçirib əylənərdik. Yaşasaydı, indi dostluğumuzun 20 ili tamam olacaqdı.
    – Muradın uşaq vaxtı hərbiyə marağı, həvəsi var idimi?
    Elçin: Bizim sinifdə hərbinin nə olduğunu bilən təkcə Murad idi. Hamıya hərbidən danışardı. Biz bilmirdik, hərbi forma nə rəng olur, amma Murad bizə hərbi həyatdan danışırdı.
    Hər adam onun kimi ola bilməzdi. O yaşdan ‒ səkkizinci sinifdən əsgər çəkməsi geyinmək hər adam üçün deyil, amma o bunu bacardı. 8-ci sinifdə hərbi liseyə imtahan verəndə ən yüksək balı Murad yığmışdı, çünki özü istəyirdi hərbçi olmağı. Bir söz var, deyir ki, bir şeyə həvəsin varsa, nə olur olsun, onu əldə edə bilərsən. Murad özü istəyib getdiyi üçün o balı da yığmışdı. Qəbul imtahanında 400-dən artıq bal toplamışdı. Səhv etmirəmsə, Türkiyəyə ən yüksək bal toplayan 4–5 nəfər gedirdi və o gedənlərdən biri də Murad idi. O, Egey dənizinin sahillərində təlimlərdə olub, komando kursu keçib. Bunların hamısında yüksək nəticə göstərib.
    Murad hərbçi formasını özü üçün əziz saxlayırdı. Hər şeydən əziz... Forması həmişə ütülü, səliqəli olardı. Həmişə deyirdi ki, hərbçi hər zaman təmiz olmalı, Azərbaycan hərbçisinə yaraşan formada olmalıdır.
    – Murad necə insan idi?
    Elçin: O çox ürəyiyumşaq, hər kəsə yardım etmək istəyən, ünsiyyətcil, mərd, əliaçıq insan idi. Həmişə üzü gülərdi. Yaddaşımızda ancaq gülər üzü ilə qaldı. Onun haqqında nə qədər danışsam, azdır. Olduğu hər yerdə, istər məhəllədə, istərsə də təhsil aldığı və işlədiyi yerlərdə hamı Muradın xətrini çox istəyərdi. Murad öz tərbiyəsi, mədəniyyəti ilə hamının qəlbində yaxşı xatirə qoydu. İnanmıram, kimsə çıxa və deyə ki, mən ondan pislik gördüm. Mən onun 4–5 müəllimini tanıyıram. Hamısı Murada tək hərbçi olduğuna görə yox, həm də öz şəxsiyyətinə görə hörmət edirlər. Mən onun kursant yoldaşlarını da, işlədiyi hərbi hissədən iş yoldaşlarını da tanıyıram. Onlar zəng edirlər, onu yada salırlar, deyirlər ki, yeri görünür, yoxluğu bilinir.    Muradla müharibə vaxtı tez-tez telefonla danışırdıq. Bir hadisəni danışım sizə. Müharibənin qızğın vaxtı idi. Mənim dayım oğlugilin Füzulidə oteli var. Murad Füzulidə olan vaxt mən dayım oğluna tapşırmışdım ki, ona baş çəkib, nəyə ehtiyacı var – maraqlansın. Dayım oğlu iki dəfə onun üçün yemək də aparmışdı. Yalnız yoldaşları da süfrəyə oturandan sonra Murad özü də oturub yemək yemişdi.
    Murad öz peşəsinə böyük hörmət və məsuliyyətlə yanaşırdı. Bir dəfə müharibə vaxtı Muradla danışanda axırıncı dəfə nə vaxt çimdiyini soruşdum. O da dedi ki, axırıncı dəfə Bakıda çimdiyimdir. Muradla sağollaşıb, dayım oğluna dedim ki, oteldə Murad üçün otaq hazırlasın. Heç olmasa, gedib çimsin, həm də bir az dincəlsin. Dayım oğlu Muradgilin yanına gedib onu otelə aparmaq istəyəndə Murad getməyib. Nə qədər təkid etsə də, o qısa müddətlik də olsa, öz yerini tərk etməyə razı olmayıb. Deyib ki, bir il də burada qalsaq, yerimdən tərpənəsi deyiləm. Dayım oğlu Muradın tabeçiliyindəkilərin hamısını aparmağı təklif etsə də, Murad yenə razı olmayıb və deyib:
    – Bu ərazini bizə tapşırıblar. Buranı tərk edə bilmərik!
    Qismət, tale, alın yazısı Muradı bizdən ayırdı, onu ən böyük zirvəyə ‒ şəhidlik zirvəsinə ucaltdı. Murad indi bizim xatirələrimizdə yaşayır.