
Heç vaxt təsəvvür etməzdim ki, vaxt gələcək, şagirdim – şəhid Murad haqqında xatirələrimi bölüşəcəyəm. Murad V–VIII siniflərdə şagirdim olub. Azərbaycan dili və ədəbiyyat fənnini öyrətmişəm ona, həm də sinif rəhbəri olmuşam. Sinfin ən çalışqan, ağıllı, bacarıqlı, oxumağa can atan şagirdlərindən biri idi. Murad sinif yoldaşlarına qarşı mehriban, istiqanlı, xoşrəftar idi. Azərbaycan dili və ədəbiyyata böyük marağı var idi. Xalqımızın qəhrəmanlıq tarixini, ulu keçmişini sevə-sevə öyrənərdi.
Həmişə öndə, qabaqda getmək istəyirdi. Bir komandir kimi şagirdləri öz arxasınca aparmağa qadir idi. Sinifdə həmişə ilk partada əyləşərdi. İstənilən suala cavab verməyə hazır idi. Mən bir müəllim kimi müşahidə edirdim ki, Murad gələcəkdə yaxşı hərbçi, komandir ola bilər.
Əlavə dərs saatları olanda hamıdan birinci Murad bizə gələrdi. Mən soruşanda ki, nəyə görə qaça-qaça gəlmisən belə? O cavab verərdi:
–
Müəllim, mən istəyirəm, hamıdan birinci olam! Fevral ayı gələndə mən həmişə Muradı xatırlayıram. Desəniz, nəyə görə? Fevralın 9-u Murad dünyaya gəlmişdi, 12-si isə mən. Məktəbdə həmişə fevralın 9-u olanda Murad deyərdi:
–
Müəllim, biz eyni ayda dünyaya gəlmişik. Murad bu sözləri deyəndə gözlərində sevinc, fərəh hiss olunurdu. Bu an mənim heç vaxt yadımdan çıxmır.
Yaxşı yadımdadır, Murad 8-ci sinifdə oxuyanda hərbi məktəbə sənədləri hazırlayarkən çox həyəcanlı idi. Mən həyəcanının səbəbini soruşanda o dedi ki,
müəllim, mənim boğazımdakı badamcıqlar əməliyyatla götürüldükdən sonra mən sağlamlıq haqqında arayış ala bilərəm. Vaxta isə çox az qalıb. Bilmirəm, sənədləri vaxtında çatdıra biləcəyəm, ya yox. O çox həyəcanlı idi. Mən onu qucaqlayaraq öpdüm və dedim:
– Qorxma, Murad, səndə ki bu əzm, bu iradə var, bunun öhdəsindən gələcəksən, hər şeyi vaxtında çatdıracaqsan.
Doğrudan da, o, əməliyyat olundu. Sağlamlıq haqqında arayışı alıb, sənədlərini vaxtında hərbi məktəbə təqdim etdi.
Beləliklə, Murad 8-ci sinifdə məktəbdən ayrılıb hərbi məktəbə daxil oldu. Ara-sıra sevimli müəllimi kimi mənə zəng vurar, uğurları barədə danışardı, problemlərini bölüşərdi. Hətta bitirdiyi 271 nömrəli orta məktəbə gələr, müəllimlərlə görüşərdi.
Azərbaycanın işğal altında olan torpaqlarını azad etmək üçün başlanılan haqq savaşında Murad da cəbhəyə yollandı. Əsl qəhrəman kimi erməni işğalçılarının torpaqlarımızdan qovulmasında fəal iştirak etdi. 2020-ci il oktyabrın 11-də Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucaldı. Bu xəbəri ilk dəfə məktəbimizin direktor müavini Rüxsarə müəllim göz yaşları içində məktəb kollektivinə çatdırdı. Bütün məktəb sanki matəm içində idi. Məktəbimizin direktoru Fuad müəllimin təşəbbüsü ilə məktəb kollektivi Muradın xatirəsini birdəqiqəlik sükutla yad etdi. Məktəb rəhbərliyinin təşəbbüsü ilə Muradın xatirəsini əbədiləşdirmək üçün məktəbin dəhlizində xatirə guşəsi yaradılıb. Şagirdlər hər gün bu guşəyə tər çiçəklər düzür, onu qürurla anırlar.