Yəqin ki, hamı yaxınını itirəndə: “Zamanı geri qaytarmaq mümkün olsaydı, çox şeyi fərqli edərdim”, – deyə düşünüb. Çox təəssüf ki, mən də eyni düşüncədəyəm.
Muradla tanışlığımız 2014-cü ildən başlayıb. O vaxtlar Murad Kuleli Askeri Lisesində təhsil alırdı. Qardaşı ilə münasibətimizi bildiyi gün mənə mesaj yazıb, tanış olmaq istədiyini bildirmişdi. Muradgilin bacısı olmadığı üçün həmişə mənə “bacı” deyə müraciət edərdi. İlk zamanlar tez-tez əlaqə saxlayırdıq. Bir problemi olanda məndən kömək istəyər, dərdini mənimlə bölüşərdi. Mən də bacardığım qədər ona kömək edərdim.
Murad İstanbulda olduğu üçün biz ancaq telefonla əlaqə saxlayırdıq. Azərbaycana ancaq bayramlarda gəldiyi üçün onunla bağlı xatirələrim çox azdır. Danışıb, qərarlaşdırmışdıq ki, Bakıya gələn kimi görüşək. Bakıya gələndə görüşüb, əyləncəli vaxt keçirdik. Metroparka gedib, isti şokolad içdik, boulinq oynadıq. Murad yaxşı vuruş etdiyi üçün mənə qalib gəldi. Bu qalibiyyəti onu çox sevindirmişdi.
2016-cı ildə mən ailəmlə Ankaraya getmişdim. O vaxt Murad Ankarada Kara Harp Okulunda təhsil alırdı. Yenidən orada görüşüb, ənənəmizə sadiq qalaraq boulinq oynamağa getdik və bu dəfə də Murad məni udub, qalibiyyətinə sevindi. Uzun-uzadı söhbət edib, yaxşı zaman keçirmişdik. Muradın istirahət günlərində yenidən görüşər, birlikdə zaman keçirərdik. Murad mənə tez-tez şeirlərini oxuyar, fikrimi bildirməyimi istəyərdi.
Həmin ərəfələrdə Türkiyədə hərbi çevrilişə cəhd olmuşdu. Biz xarici vətəndaş olduğumuza görə evdən çıxmağımız təhlükəli idi. Murad da Ankarada olduğu üçün axşam gəlib, bizdə qalmışdı. Bizdə qonaq olduğu vaxt mən otağımı müvəqqəti olaraq Murada vermişdim. O vaxtdan sonra Türkiyədən söhbət açılanda mən Murada, “Mən otağımı, yerimi heç kimə verməzdim. Sən məndəki dəyərini gördünmü?” ‒ deyirdim. Muradı çox istəyir, ona həmişə dəyər verirdim. Bu sözüm həmişə onun xoşuna gəlirdi.
Ankara mənim üçün çox əzizdir. İki ən yaxın, ən doğma insanla ‒ Murad və bibimlə (təəssüf ki, artıq hər ikisi yanımızda yoxdur) maraqlı, xoş xatirələrim var.
Murad bir müddət bizlə qaldıqdan sonra Azərbaycana qayıtdı. Biz qayıtdıqdan sonra ailəvi İsmayıllıya gedib, maraqlı gün yaşamışdıq. Birlikdə Asma körpüdən keçmiş, görməli yerləri gəzmişdik. Əyləncəli oyunlar oynayıb, o gözəl günlərdən bizə xatirə qalacaq şəkillər çəkdirmişdik.
Növbəti il mən qardaşı ilə evlənmişdim. Hər həftəsonu ailəvi olaraq maraqlı, əyləncəli yerlərə gedib, birlikdə zaman keçirərdik. Murad həmişə,
“Sizin övladınıza mən hər ay maaşımdan bahalı hədiyyə alacağam”, ‒ deyirdi. Aylar sonra
Atilla dünyaya gəldi. Murad sözünü tutub, hər ay maaşından Atillaya fərqli oyuncaqlar, bahalı hədiyyələr alırdı. Murad Atillanı çox istəyirdi. O da Atillanın sevimli “Muad” (Murad) əmisi idi. Təhsilindən, daha sonra da işindən vaxt elədikcə Atillanı görməyə gələr, onunla yaxşı vaxt keçirərdi.

Muradı sonuncu dəfə görəndə (kaş bu görüşün son olduğunu bilsəydik) Atilla onu qəribə bir şəkildə möhkəm qucaqladı, boynundan qoxlayıb öpdü. Bu səhnəni sonradan xatırlayanda düşündüm ki, biz bilməsək belə, Atilla əmisi ilə son görüşü olduğunu hiss edibmiş.
Murad ailəcanlı, çox istiqanlı idi. Ürəyində kin, pislik olmayan insan idi. Dalaşıb küsəndə mən kin saxlayırdım, amma Murad həmin an unudurdu. Çox xoşlayırdı ki, birlikdə restoranlara gedək, gəzək, istirahətə gedib dincələk. İşə təzə başlayanda elə hey deyirdi ki,
maaşımı alım, sizi bahalı restorana aparacağam. İndi onsuz nəsə etməyə
utanırıq. Evimizin səsi-küyü onunla birlikdə getdi.
Bir gün sosial şəbəkədə səfərbərliklə bağlı xəbər oxudum. Narahat olub, tez Muradla əlaqə saxladım. O da hər zamankı kimi mənim bu təlaşımı zarafata salıb, gülmüşdü. Halbuki Murad çox yaxşı bilirdi ki, vəziyyət yaxşı deyil. Narahat olmayım deyə məni sakitləşdirib, hər şeyin yaxşı olduğuna inandırmaq üçün əlindən gələni etmişdi.

27 sentyabr günü Murad mənə zəng edib:
“Artıq gedirik, yoldayıq”, ‒ deyəndə mən dayanmadan ağlamışdım.
Hər gecə səhərə kimi, “Görəsən, Murad sabah necə olacaq?” ‒ deyə fikirləşib ağlayırdım.
Murad cəbhədə olanda tez-tez əlaqə saxlayırdıq. Səsindən kefsiz olduğunu hiss edəndə bütün gün onu fikirləşir, “Görəsən, nə baş verib ki, həmişə gülən Murad indi belə danışır?” ‒ deyirdim. Murad cəbhədə ən irəlidə olduğu üçün son günlər qayıdacağına dair bütün ümidlərim itmişdi.
Sonuncu gecə ‒ oktyabrın 10-u bizimlə uzun-uzadı danışıb, orada çəkdirdiyi şəkilləri göndərmişdi.
Həyatımın ən ağır günü ‒ 12 oktyabr... Səhəri pis xəbərlə açdıq. Və beləliklə Muradsız günlərimiz başladı. İlk gün anasına bildirməyib, evdə təkbaşına qalmışdıq. Ürəyim yanırdı. Bilmirdim, nə edim, nə hiss edim. Muradın yoxluğunu qəbul edə bilmirdim. Ən dəhşətli gün isə bu xəbəri anasına dediyimiz gün oldu. Bu mənim üçün çox ağır, çox çətin idi. Ömürboyu həmin səhnəni unutmayacağam.
Əvvəllər yuxuma tez-tez gələr, evimizdə olduğunu hiss etdirərdi. Həmişə fikirləşirdim ki, Murad məndən incik getdi, könlünü ala bilmədim. Elə hey onunla bağlı nələrisə xatırlayıb, özümü danlayırdım. Deyirdim, Murad, gəl, denən ki, məndən inciməmisən. Bir gecə yuxuma gəlib, mənə gülümsəmişdi. Çox sevinmişdim ki, məni eşidib. Son günlər daha çox darıxır, onu görmək, qucaqlamaq is-təyirdim. Yuxuma gəlib, sakitcə gülümsəyib, məni qucaqlayıb, getdi. İndi nə yuxuma gəlir, nə də ki, evimizə...
Murada bir söz vermişəm, qismət olsa, reallaşdıracağam. Bəlkə, onda az da olsa, rahat nəfəs alaram.
Bağışla bizi, Murad. Mənim əlimdən gələn Atillaya necə qəhrəman, ürəyi gözəl, gülərüzlü əmisi olduğunu danışmaqdır.
Sən Atillanın, bizim Qəhrəmanımızsan!