Biz Muradla məktəbdə parta yoldaşı, yol yoldaşı olmuşuq. Məktəbdən evə, evdən məktəbə birlikdə gedib, gəlirdik. Daha sonra Murad Türkiyəyə ilk səfərindən geri qayıdanda azarkeşi olduğum “Fenerbahçe” klubunun formasını və şərfini mənə hədiyyə etmişdi. Murad sevdiklərinə sürpriz etməyi çox sevirdi. Onun bu hədiyyəsi məni çox sevindirmişdi.
Murad, ümumiyyətlə, dostlarına, sevdiklərinə qarşı həssas idi. Onları hər zaman güldürməyi xoşlayırdı. 5-ci sinifdə oxuyarkən partaya aramızda çəkdiyim xətti keçdiyinə görə ondan küsmüşdüm. Murad isə növbəti gün könlümü almaq üçün mənə məktəbdə özünə yemək alacağı pulla çoxlu dəftərə yapışdırıb kolleksiya düzəltdiyimiz yapışqanlı şəkillərdən almışdı. Mən niyə bu qədər çox aldığını soruşanda o belə cavab vermişdi:
“Çox aldım ki, bir də məndən küsməyəsən də, ay Lamış”.
Muradla son görüşüm təsadüfən baş vermişdi. Getdiyim bir məkanda sosial şəbəkə hesabımdan şəkil paylaşmışdım. Üstündən çox keçməmiş Murad mənə zəng etdi və belə dedi:
–
Salam, deyəsən, sən də buradasan. Gəlim, görüşək? Mən isə: “Hə, əlbəttə, gəl, ay Murad. Çox yaxşı olar.
Uzun müddətdir, səni görmürdüm”, ‒ dedim. Gəldi. Bir xeyli söhbətləşdik, zarafatlaşdıq. Mən ona: “Nə vaxt evlənirsən, ay Murad?” ‒ deyə sual verdim. O isə:
“Ay Lamış, qoy bir işlərimi yoluna qoyum, daha sonra, inşallah, toy edəcəyəm”, ‒ dedi. Hələ sözləşdik ki, sinif uşaqları ilə vaxt
edib hamımız görüşək... Həmin gün xatirə şəkli də çəkdirdik, amma bilməzdim ki, o gün Muradla son görüşüm, həmin şəkil də onunla çəkdirdiyim son şəklim olacaq...
Yerin qəlbimdə həmişə ayrı olacaq, əziz dostum Murad...