Bütün xatirələr

Sevinc Abdullayeva
(AAHM-də hərbi psixologiya və pedaqogika müəllimi)

    Mən Murada bir semestr dərs demişəm. IV kursun axırlarında, sonuncu kursun son semestrlərində “Hərbi psixologiya və pedaqogika” fənnini tədris etmişəm.
    Ümumiyyətlə, mən çalışırdım ki, qruplarda dərslərdə maksimum ciddiyyətimizi saxlayaq. Əlavə söhbətlərə yer verəndə istər-istəməz uşaqlarda dərsə qarşı bir qədər qeyri-ciddilik yaranırdı. Bir dəfə ixtisasla bağlı qrupa sual vermişdim, bir qədər dərsdən kənara çıxmalar oldu. Uşaqlar Muradla zarafat etdilər ki, Muradın saçları tökülür, heç kim ona baxmayacaq. Mən də dedim ki, işiniz olmasın, gül kimi uşaqdır, qızların minnəti olsun. Amma Murad heç ciddiyyətini pozmadı, çevrildi və üzlərinə ciddi-ciddi baxdı deyə mən də müdaxilə etmədim. Mənim Muradın bu hərəkətindən çox xoşum gəldi. Mən həmişə Murada “Nağıyev” deyə müraciət edirdim. Dedim ki, Nağıyev, narahat olma, mən sənə bir dərman deyəcəyəm, onu çəkərsən, onda saçların tökülməyəcək. Murad dərsdən sonra yaxınlaşıb dedi ki, müəllim, o dərmanın adını mənə deyin, zəhmət olmasa. Mən dedim ki, mən o ampulanı sənin üçün alaram, istifadə edərsən. Sonra birdən auditoriyada yanlış anlaşılma olar deyə bir qədər uzatdım, almadım. Bir gün Murad yenidən yaxınlaşıb ampulanın adını soruşdu. Dedim ki, Murad, fikrimdən çıxıb, mən onu özüm sənə alaram. “Müəllim, lazım deyil”, ‒ deyə təkid etdi. Sonra dərsimiz olmayan bir vaxtda çağırıb dərmanı ona verdim, dedim ki, budur, istifadə edərsən. Sonradan dərsə girəndə müşahidə etdim ki, Murad müəllimin ona etdiyi yaxşılıqdan sui-istifadə etmədi. Dərsdə heç vaxt özünü qeyri-ciddi aparmadı.
    O, istənilən məsələdə çox ağıllı cavablar verirdi. Müəllimlər otağında həmişə dərsdən sonra kursantları müzakirə edirik. Murad barəsində ortaq dərs dediyimiz müəllimlər də eyni fikirdə idi. Hamımız deyirdik ki, o çox ağıllı kursantdır, kaş bizim millətimizin uşaqları Murad kimi olardı. Sanki Allah ən yaxşıları seçib yanına aparıb. Bütün şəhidlərimizin hamısı say-seçmə uşaqlardır.
    Düzdür, hər övlad ananın gözünün işığıdır, ayrıseçkilik salmaq düzgün deyil, ancaq Muradın yoxluğuna inana bilmirəm. Müharibə gedən vaxt dərsdə kursantlar dedilər ki, keçən ilin məzunlarından Nağıyev adında tankçı şəhid olub. Dedim: “Necə yəni Nağıyev şəhid olub?! Ola bilməz! Tez mənə şəklini göstərin!” Şəklini gördüm. Heç cür inana bilmədim, uzun müddət özümə gələ bilmədim. Mən elə bilirəm ki, Murad nə vaxtsa, haradasa yenə mənim gözümə görsənəcək. Haradasa qarşımıza çıxacaq. Murad elə uşaqlardan idi. Baxmayaraq ki, onların qrupunda uşaqların sayı az idi, onların hər birinə kifayət qədər dərsdə vaxt ayırırdım, onların qrupundan yadımda qalan tək uşaq Muraddır, Nağıyevdir.
    Dərs dediyim tankçıların içində Nağıyev çox ağıllı olması, siması, ciddiliyi ilə yaddaşımda qalıb. Düzdür, onların yaşları çox az idi, ancaq mən həmişə dərsdə deyirəm ki, insanların özünü dərk etməsi, formalaşdırması bu dövrə təsadüf edir. Əgər insanda dərketmə formalaşıbsa, onlar o yaşda özlərini təsdiq etməyə çalışırlar. Və özünü təsdiq etmək, kişi cinsinin nümayəndəsi kimi özünü təqdim etmək hər insanda olmur. Muradda bu formalaşmışdı.
    Sonradan pandemiyaya görə karantin olduğu üçün dərslər olmadı. Muradgili dərslərdə görə bilmədik. Hətta “Məzun günü” onlarda qapalı oldu, bizi mövcud vəziyyətə görə oraya buraxmadılar. O uşaqlarla sağollaşa bilmədik.
    Muradın anasının əllərindən öpürəm. Sağ olsun ki, Murad kimi ağıllı, tərbiyəli övlad böyüdüb. Qürur duysun ki, belə bir ağıllı balanın anasıdır, nə qədər ağrılı olsa da, nə qədər ağır olsa da. Mən həmişə Nağıyev Muradı nümunə çəkirəm. Mən Muradın anasının qarşısında baş əyirəm. Biz həmişə müəllimlərlə danışanda deyirik ki, bizim cəmiyyətimizə Murad kimi uşaqlar lazımdır. Ağıllı, tərbiyəli, sözünün və danışığının yerini bilən... Qısa müddətdə biz o uşaqları tanısaq da, onlar bizim əbədi olaraq xatirəmizdədirlər. Nə qədər vaxt keçirsə keçsin, biz o uşaqları, Nağıyev Muradı unuda bilmərik, bizim buna haqqımız yoxdur. Məkanı cənnət olsun. Allah ailəsinə səbir versin, dözüm versin. Amin.