
–
Muradla necə tanış olmusunuz? Əziz: Muradı kursant vaxtlarımızdan, 2016-cı ildən tanıyıram. İlk tanışlığımız həmin ilin avqust ayında olub. Mən özüm AAHM-ə mülkidən gəlmişəm, hərbi lisey oxumamışam. Murad isə Türkiyədə hərbi lisey təhsili almışdı, sonra orada bir il də hərbi akademiyada oxumuşdu. Amma Türkiyədəki siyasi vəziyyətə görə onlar geri qayıtmalı olmuşdular. İlk gələndə ixtisas olaraq tankçı fikirləşməmişdi. Onlar gələndə biz artıq ixtisas seçimini etmişdik, Muradgilə isə az seçim qalmışdı. Bir minatəmizləyən qalmışdı, bir də tankçı. Qaçışı əvvəl-əvvəl zəif olsa da, sonradan düzəltdi. Ümumiyyətlə, öz üzərində həmişə çalışan biri olub. Tanka görə məndən üstün idi. Savadlı idi. Nə deyirdin, götürürdü, götürmə qabiliyyəti çox güclü idi. Heç bir imtahandan kəsri olmayıb. Baxmayaraq ki, mən hər il kəsilirdim. Bir dəfə kəsri oldu, onda da nizamnamədən saxlamışdılar. Yəni sırf adam qalmalı idi deyə saxlamışdılar. Bizim yaxın münasibətimiz var idi. Onunla tez-tez zarafatlaşırdıq. Sadəcə, hərdən elə olurdu ki, bəzi zarafatlardan inciyirdi.
AAHM-də birinci və ikinci kursda kursantlar çox sıxılır, çünki əsgər kimi olurlar. Ancaq üçüncü kursdan etibarən bir az boşluqlar yaranır. Smartfon işlədə bilirsən. Birinci və ikinci kursda tez-tez yoxlama olur. Zabitlər elə psixoloji mühit yaradırlar ki, biz heç özümüz bir-birimizlə əlaqə qura bilmirik. Murad Türkiyədə oxuduğu üçün onların sistemindəki psixologiyanı mənimsəmişdi. Ona görə də ilk vaxtlar uşaqlarla münaqişələr olurdu.
–
Yüksəkfikirli idi, yoxsa necə? Əziz: Yüksəkfikirli deməyim, amma daha çox oranın psixologiyasını bəyənirdilər. Orada tamam fərqli sistem var. Orada bir az müasirlik idi, sərbəstliyə öyrəşmişdilər, burada isə çox sıxılırdılar. Həm də çox yorulurduq. Birlikdə çox vaxt keçirə bilmirdik. Gəlirdik, yatıb-dururduq, səhər yenidən yorğun-arğın gedirdik. Yalnız üçüncü kursdan sonra artıq yavaş-yavaş boşalmalar başlamışdı.
Maşına həvəsli idi. Maşın almamışdan qabaq icarəyə götürürdü çox vaxt. Lənkərana getmişdik. Baxmayaraq ki, onun maşını deyildi, bir neçə günlük götürmüşdü, yenə də aldığı şeyə çox tez bağlanırdı. Onun götürdüyü şeyə nə isə deyəndə xətrinə dəyirdi. Götürdüyü maşının arxaya baxmaq üçün olan güzgüsü yox idi. Bir az zarafatlaşdım, amma gördüm ki, inciməyə başladı, xətrinə dəymişəm. Namiqin (Səfərov) maşını ilə onun maşınını müqayisə edirdik. Bir dəfə ona demişdim ki, Namiqin maşınından xoşum gəlir, almaq istəyirəm. Mənə demişdi ki,
alma. Dedim, niyə? Dedi ki,
onu görmürsən, maşını necə sürür? Bizim hərbi hissənin yolu pisdir. Demişdi ki,
görürsən də, o yolda necə sürür maşını? Ona görə də onun maşını dağılır, alma. Murad mənim xətrimi çox istəyirdi. Yeganə adamam ki, mənə görə o, kredit götürmüşdü. Telefon almışdıq. Muradla qardaş qədər yaxın idik. Məni Bakıda qulluq etməyə Murad razı salmışdı. Demişdi ki,
qal, getmə başqa yerə. Maşın alacağam, birlikdə gedib-gələrik.
Bir dəfə işə gecikmişdim. Birinci dəfə gecikəndə komendant xəbərdarlıq etmişdi. İkinci dəfə gecikəndə Murad düz yaşadığım evə gəlmişdi. Qapını döyüb məni oyatmışdı. Sadəcə yaşadığım binanı tanıyırdı. Axtarıb, soruşub, yaşadığım bloku, mərtəbəni tapıb, gəlib məni yuxudan oyatmışdı.
Muradla eyni hərbi hissədə, eyni tank taborunda olsaq da, döyüş haqqında elə də çox şey deyə bilmərəm, çünki həmin vaxt biz ayrılmışdıq. Mən üçüncü bölükdə idim, o, ikinci. Döyüşdən yeganə xatirəm odur ki, bizim bölük mühasirəyə düşəndə tanklar “itkin” verilmişdi. Biz qayıdanda yoldaşlarımızdan biri mənə demişdi ki, Murad sənə görə narahat olub, ağlamışdı. Elə bilib, şəhidsən. Sonra mən istədim, zəng edib bir az zarafatlaşım onunla, amma zəng çatmadı. Ondan sonra əlaqə qura bilmədim. Sonra biz bir dəfə də müşahidəyə getdik. Mənim tankım nasaz oldu, geri qayıtdım. Onda Murad artıq 4 gün idi ki, şəhid olmuşdu. Gələndə dedim ki, Murada salam deyərsiniz, amma mənə onun şəhid olduğunu demədilər. Arxaya keçib yemək yeyirdim. Yoldaşlarımızdan biri: “Başın sağ olsun”, ‒ dedi. Bizdə də bir nəfər gizir şəhid olmuşdu, elə bildim, ona görə deyir. Dedim, hə, çox sağ ol, amma çox üstündə durmadım. Sonra dedi ki, Murad şəhid olub. Onda xəbərim oldu.