
Murad! Murad! Sənin haqqında fikirlərim qarma-qarışıq olsa da, bölüşməliyəm.
Murad dayım qızının qaynıdır. Tanışlığımız 2016-cı ilin yay aylarında oldu. Həmin vaxt Murad Ankarada təhsil alırdı, valideynlərim isə orada səfərdə idilər. Onlar orada Muradla tanış olmuşdular. Anam mənə Muradla birlikdə çəkdirdikləri şəkli göndərib, “Baxın, burada kim var?” mesajını yazmışdı. Muradı onda tanıdım. Həmin vaxta qədər sadəcə adını eşitmişdim. Bu gün Murad və anam ‒ hər ikisi yanımızda deyillər, şəkildəki kimi ikisi də bir yerdədirlər. Əminəm ki, olduqları yerdə rahatdırlar.
Muradı tanıdığım gündən öz doğmammış kimi hiss etdim. Mən Muradı mehriban, şən bir insan kimi tanıdım. Çox vəfalı, zarafatcıl, şirindil, əylənməyi sevən, həyat dolu insan olub. Muradla tanışlığımız qısaömürlü olsa da, onunla bağlı hər zaman xoş xatirələrim olub.
Heç vaxt unutmaram, Muradın Türkiyədən Azərbaycana qayıtdığı ilin yayında dayımgil, Muradgil və bizim ailə İsmayıllı rayonuna istirahətə getmişdik. Orada olduğumuz müddətdə çox əyləncəli və unudulmayacaq xatirələrimiz oldu. Birlikdə İsmayıllının ən gözəl yerlərində olduq. Biz gənclər qardaşı Orxanın avtomobilində Lahıca getdik. Biz Muradla yolboyu arxa pəncərədən çölə boylanaraq getmişdik. Hətta həmin andan xatirə birlikdə şəklimiz belə var. O şəkli daima saxlayacağam. Şən, qayğısız, həyat dolu, xoş xatirəli şəkil...

Bir dəfə Murad qızılca olub, xəstəxanada yatmışdı. O sağalıb xidmətə qayıtdıqdan sonra mən də qızılca olub, həmin xəstəxanada yatdım. Murad bunu bilib, məni ziyarətə gəlmişdi. Orada olduğum müddətdə onu tanıyan bütün tibb işçiləri Murad haqqında xoş sözlər deyirdilər. Kollektiv hamısı onu çox istəyirdi. Murad ünsiyyəti, xoş rəftarı və şirin dili ilə heç tanımadığı insanların xatirələrində yaxşı insan kimi qalmağı bacarırdı.
2020-ci il, 27 sentyabr... Səhər yuxudan oyandım ki, bazar günü olsa da, atamı işə çağırıblar. İnternetin olmadığını gördüyüm an müharibənin başladığını anladım. Televizoru açıb baxanda artıq xəbərlərdə müharibənin başladığını, Muradların orada tarix yazdığını gördüm. İlk ağlıma gələn “Atam Bakıda, cəbhədən gəlmiş yaralı əsgərlərin keşiyində, Murad isə cəbhədə, ön sıralarda, vətənin keşiyində...” düşüncəsi oldu. Biri illərin vətənə xidmət edən hərbi qulluqçusu, digəri isə hələ xidmətə yenicə başlamış, ancaq gələcəyi parlaq gənc zabit...
Murad cəbhədə olanda onunla tez-tez əlaqə saxlayırdım. Hər dəfə gülərək, zarafat edərək danışırdı. Bilirdim ki, ona danışmaq rahat deyil. Nə vaxt harada olduğunu soruşsam, gülərək ya
“Yerimizdəyik, hərəkət etmirik”, ya da
“Qabağa gedirik” sözlərini deyirdi. Bir gün Xavər xalayla danışa bilib-bilmədiyini soruşdum. Dedi ki,
danışa bilmirəm. Anam səsimi eşidən kimi ağlayır, mən də pis oluram. Bir dəfə iki-üç gün idi ki, zəng vura bilməmişdim. Özü mənə zəng edib:
–
Niyə məni axtarmırsan? ‒ deyə soruşdu.
Mən də gülüb:
– Murad, elə danışırsan, elə bil harasa gəzməyə getmisən, ‒ demişdim.
Atam həmişə zarafatla: “Səndən hərbçi olmaz, Murad”, ‒ deyib, onu cırnadırdı. Amma Murad qəhrəman oldu! Onun cəbhədə olduğunu biləndə “Murad əliboş qayıtmayacaq”, ‒ deyə düşündüm. Elə də oldu. Murad əliboş qayıtmadı. O, canını, gəncliyini, gələcəyini xalqına, vətəninə verdi, amma 30 illik həsrətə də son qoydu. Onun şəhid olacağını ağlıma belə gətirməzdim. Heç indi də ağlım qəbul etmir. Muradın yoxluğu, müharibə, şəhidlərimiz ‒ bütün bu yaşananların hamısı mənə hələ də yuxu kimi gəlir.
İtirmək acı bir hissdir. İnsanın sevdiyi bir doğmasını itirməsi çox çətindir. İnsan bunu asanlıqla qəbul edə bilmir. Bilirsən ki, həmin insan sənin yanında yoxdur, amma qəlbin, ağlın bütün xatirələrinlə onu yaşadır. Nə xoş ki, Murad sevənlərinin xatirələrində həmişə xoş, mehriban, gülərüz bir qəhrəman kimi yaşayacaq.
Sən hər birimizin xatirəsində yaşayacaqsan, Murad. Səni tanıdığıma görə çox şadam. Səninlə fəxr edirəm! Sən bizim Qəhrəmanımızsan!