Nə vaxtsa Murad haqqında xatirələrimi bölüşəcəyim ağlımın ucundan belə keçməzdi. Bəlkə də, sağlığında onun belə böyük, belə unudulmaz bir insan olacağını bilə bilməzdik. Amma o bizim hamımıza nümunə, örnək olacaq şəhadətə yetişdi. Murad hamımızın içinə elə bir yol açdı, o yolu da elə bir atəşlə yandırdı ki, onun adı gələndə bu yol hamımızın ürəyini yandırır. İstanbulda oxuyanda Murad arada bizə gələrdi. Söhbətlərimizdə görürdüm ki, incəsənəti, musiqiyə qulaq asmağı, kitab oxumağı çox sevir. Gözəl şeirlər yazdığını da bilirdim. Vaxtsız gedişlərin yerini heç nə doldurmur. Məncə, anasız övlad, övladsız ana ‒ hər ikisi boşdur. Bir övlad neçə yaşında olursa olsun, anasını istəyir, ana da neçə yaşına gəlirsə gəlsin, övladını qorumaq istəyir. Biz nə etsək də, şəhid analarının içindəki atəşi hiss edə bilmərik. Allah hamısının ürəyinə səbir suyu səpsin ki, ən azından onların xatirələri ilə ovuna bilsinlər. Mən Muradın qohumu olmağımla fəxr edirəm, qürur duyuram. Biz onu hər zaman xatirələrimizdə özləmlə anacağıq, çünki insanın xatirəsi elə onun ürəyində hiss etdiyidir. Allah bütün şəhidlərimizə rəhmət etsin.