2019-cu ilin son günü idi. Biz hamımız bir süfrə arxasında əyləşib, deyib gülə-gülə, şən yeni ilin gəlişini qeyd edirdik. Yaşayacağımız acı, kədər dolu ayrılığın yaddaşımıza hüznlü, dərin iz qoyacağı ilin ‒ 2020-ci ilin gəlişini sevinclə qeyd edirdik. Murad həmişəki kimi uşaqları ‒ Atilla və Mehinbanunu ətrafına yığıb, onlarla uşaq kimi əylənirdi. Bütün bayramları birlikdə qeyd edərdik. O gecə bizim Muradla keçirəcəyimiz son bayram idi. Murad uşaqların balaca əmisi idi. Uşaqlar onu hamıdan çox istəyirdilər, çünki o, uşaqlarla uşaq, böyüklərlə böyük olurdu. Zaur əmiləri cavan yaşda vəfat etdiyindən bizim uşaqların əmisi olmayıb. Murad həmişə onların könüllərini almağa, sevindirməyə çalışardı. Hər gəlişində uşaqlar üçün hədiyyələr, oyuncaqlar alardı. Biz ona deyinərdik ki, uşaqları pis öyrətmə. O isə cavabında deyərdi: “Mən onların əmisiyəm, mənə almaq olar”. Murad 6 yaşından bizim gözümüzün önündə böyüyüb. Uşaq yaşlarında necə saf, təmizqəlbli, mehriban, deyib-gülən, şən idisə, böyüyəndə də o uşaq xasiyyəti dəyişməmişdi. Onun nə vaxt böyüdüyünü biz heç hiss etmirdik. O bizim gözümüzdə balaca, sarışın, toppuş, şirin uşaq olaraq qalıb. Amma Murad döyüşdə göstərdiyi igidliyi, qəhrəmanlığı ilə bizə sübut etdi ki, o, vətən üçün canını qurban verəcək qədər böyüyüb. Murad ana torpaq və sevdikləri arasındakı seçimdə bir vətənpərvər oğul kimi vətəni, torpağı seçdi. Biz isə böyük təəssüf hissi ilə onun yoxluğunu qəbul etməyə çalışırıq. Bizim üçün Muradın yoxluğu çox acı, kədər doludur. Mehinbanunun, Zaurun, Olcayın sevimli əmisi, səni heç vaxt unutmayacağıq. Səninlə qürur duyur, fəxr edirik. Sən bizim qəhrəman əmimizsən.