
–
Buyurun, müəllim, özünüzü təqdim edin. Vasif: Mən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) Maddi-texniki təminat kafedrasının döyüş maşınları silsiləsində baş müəllim vəzifəsində çalışıram. Nağıyev Murad və onların qrupuna tankların ümumi quruluşu və tankların praktiki sürücülüyü məşğələlərindən dərs keçmişəm. Nağıyev Murad və Əliyev Əhməd Türkiyədə Kuleli Askeri Lisesi və Kara Harp Okulunda bir neçə il təhsil aldıqdan sonra AAHM-ə gələrək təhsillərini burada davam etdirmişdilər.
–
Murad haqqında təəssüratlarınızı bizimlə bölüşə bilərsinizmi? Vasif: Muradın həm insan olaraq, həm də bir kursant kimi xətrini çox istəyirdim. Mənə qardaşım qədər doğma idi. O özünü çox intizamlı, tərbiyəli, qanacaqlı və qabiliyyətli bir kursant kimi tanıtmışdı. Eyni zamanda Murad öz bilik və bacarıqları ilə özünü daima diqqətdə saxlatmağı bacarırdı. Təhsildə özünü normal göstərərək yaxşı qiymətlər alırdı. Nağıyev Murada hər hansı əmr və ya göstəriş verildikdə o çalışırdı ki, cəld, tez bir zamanda o əmri yerinə yetirib məruzə etsin. Mən müşahidə edirdim ki, ona hər hansı zarafatyana və ya ciddi irad olunanda Muradın yanaqları qızarır. Bu onun utandığına işarə idi və Muradın qanacaq-qabiliyyətindən xəbər verirdi. Mənim ona qarşı böyük sevgi, məhəbbətim var idi, çünki Murad öz savadı, bacarığı, qanacaq-qabiliyyəti, tərbiyəsi ilə özünü elə göstərirdi ki, mən gələcəkdə onu general kimi görmək ümidi ilə yaşayırdım.
–
Muradın gələcəkdə bu cür istedadlı və bacarıqlı bir tankçı olacağını kursant vaxtlarından anlamaq olurdumu? Vasif: Murad tankçı ixtisası peşəsinə çox həvəslə yanaşaraq özünü daim göstərməyə çalışırdı. Poliqonda (çöl çıxışları) tank-sürücülük məşğələlərini də onlara mən tədris edirdim. Hətta bir dəfə belə bir hadisə oldu. Praktiki dərslərin birində tankadromda (tank-sürücülük sahəsi) sürücülük məşğələsi idi. Tank-sürücülük dərslərində kursantlarla birgə sürücü təlimatçı da məşğələdə iştirak edir və tankda yerləşərək kursantlar tankı idarə edərkən onlara təlimat verir. Nağıyev Muradın növbəsi çatdıqda mən onu tanka göndərərək məruzəsini qəbul etdim ki, sürücülük məşğələsinə hazırdır və irəli əmri verdim. Nağıyev Murad hərəkətə təcrübəli şəkildə başladı. Tankı elə idarə edirdi ki, sanki neçə illik praktiki təcrübəsi var. Bir də gördük ki, təlimatçı gizir tankın arxasınca qaçır. Soruşdum ki, bu kimdir? Dedilər ki, tankda təlimatçı yoxdur, Nağıyev Murad tankı təkbaşına idarə edir. Mən təlimatçıya ehtiyac olmadığı üçün giziri geri qaytardım, çünki Nağıyev Murad öz təcrübəsini artıq ilk hərəkətdə göstərdi və mən bildim ki, o, çalışmanı təlimatçı olmadan yerinə yetirəcək. O, çıxış xəttindən özü sərbəst şəkildə çıxıb, təkbaşına 5–6 kilometrlik marşurutu keçərək bütün təbii və süni maneələri dəf etməklə vaxtında normativi yerinə yetirdi və əla qiymətə layiq görüldü. Mən Murada bütün qrup qarşısında öz təşəkkürümü bildirərək onu kursant yoldaşlarına nümunə göstərdim və ona qarşı olan məhəbbətim daha da artdı.

AAHM-də tək mən yox, eləcə də digər müəllim və zabitlər də Muradın gələcəkdə uğurlu bir tankçı zabit olacağına əmin idilər. Muradgilin qrupuna tank silahlarının öyrənilməsi və tank atışlarının aparılmasını öyrədən polkovnik-leytenant Məlikov Anar da, onlara taktika və döyüş əməliyyatlarının idarə edilməsi fənlərini tədris edən polkovnik-leytenant Quliyev İqbal da Muradın bayaqdan sadaladığım bütün keyfiyyətlərinin əyani şahidi olmuşdular. Onlar Murad haqqında danışarkən onun tərbiyəsi və savadı ilə seçildiyini, intizamlı, qabiliyyətli, kollektivdə xüsusi hörmətə malik bir kursant olduğunu, istər müəllim kollektivi, istərsə də kursant heyəti tərəfindən necə çox sevildiyini qeyd edib, Muradın praktiki atışlarda necə fəal iştirak etdiyini və yüksək nəticələr göstərdiyini vurğulamışdılar. Murad özünü belə tanıtdıran və göstərən bir kursant idi.
–
Muradın şəhid olduğunu eşidəndə hansı hissləri keçirdiniz? Vasif: Nağıyev Murad mənim üçün arxa-dayaq idi. Onun şəhid olduğunu eşidəndə mən çox pis vəziyyətə düşdüm və ümidlərim puç oldu, çünki mən onu gələcəkdə yüksək vəzifələrdə, pillələrdə görmək arzusu ilə yaşayırdım. Murad aramızda olmasa da, o daima ürəyimizdə, qəlbimizdə yaşayır və yaşayacaqdır. Tək Murad yox, eynilə bütün şəhidlərimiz bizim qəlbimizdə yaşayacaqlar.