Bütün xatirələr

Rüxsarə Əlizadə
(271 nömrəli tam orta məktəbdə direktor müavini)

    Muradgilin ailəsinin üç övladı bizdə təhsil alıb ‒ həm Orxan, həm Sərxan, həm də Murad. Murad onların ən kiçiyi idi. Üçü də dərs əlaçısı idilər. Bu şagirdlərin uğuru bizim məktəbi həmişə ön sıralarda aparıb. Murad indi bizi başqa cür ön sıralara qatdı.
    Muradın bütün təhlükələrə baxmayaraq, bilə-bilə zabitliyi seçməsi, hərbi liseyə daxil olması, onun qələbəmizdəki rolu bizim də fəxrimizdir. Açığı, mən Muradın bizim məktəbdən çıxıb hərbi liseyə getməsini istəmirdim, çünki Murad dərs əlaçısı idi, bütün dərslərini yaxşı oxuyurdu, həm də dostları ilə ünsiyyətdə çox diqqətcil idi. Hətta mən ondan soruşanda ki, Murad, zabit olmağı, həqiqətən, ürəkdən istəyirsiniz? O demişdi ki, bəli, müəllim, mən getmək istəyirəm. Murad liseyə qəbul imtahanında da öz bilik-bacarığını göstərdi. Yüksək bal topladığı üçün onu Türkiyənin ən nüfuzlu hərbi liseylərinin birində təhsilini davam etdirmək üçün göndərdilər.
    Muradgilin qış tətili bizimkindən sonra olurdu. O hər Bakıya gələndə birinci bizim məktəbə gələrdi. Gəlib müəllimlərlə görüşər, bir də dərslərdə oturmaq üçün icazə alardı. Hiss olunurdu ki, darıxır.
    Muradın şəhidlik xəbərini eşidəndə biz, təbii ki, çox məyus olduq. Bu həm qürurvericidir, həm də çox kədərlidir. Qürurvericidir, ona görə ki, belə bir məqama yüksəlmək, bu ali rütbəyə çatmaq, canını vətən üçün fəda etmək insanlığın ən yüksək zirvəsidir. Murad öz bilik və bacarığını hərb meydanında da göstərdi və düşmənə qalib gəlməyimizdə əvəzsiz rolu ilə seçildi.
    Dostlarının, tanışlarının danışıqlarından eşitdim, anası ilə söhbətlərimizdə öyrəndim ki, nə qədər istəyiblər, onu geri çəksinlər, qorusunlar, o həmişə ön sıralarda gedib. Özü də deyib ki, mən tankımla gedəcəyəm.
    Həmişə deyirdilər ki, biz inanmırıq, yaxşı oxuyan şagirdlər orduya getsinlər. Murad və yoldaşları göstərdilər ki, bu heç də belə deyil. Şəhid olanlar o ali zirvəyə ucaldılar, digərləri isə qələbə ilə geri qayıtdılar.