
–
Muradla ilk tanışlığınız necə olub? Azər: Komandirlə ilk dəfə o, növbətçi olanda tanış olmuşuq. Bizə sıra hazırlığı keçirdi. Mənə suallar verdi, mən hamısına cavab verdim.
Bir dəfə də biz qarovul olanda yoxlama gəlmişdi. Qarovulun vəzifə borcu haqqında suallara düzgün cavablar verdim, bu da komandirin xoşuna gəldi. Ondan sonra hər dəfə o, qarovul rəisi çıxanda mən də özümü qarovula yazdırırdım. O da həmişə çıxanda tapşırırdı ki, mən də qarovula çıxım.
Bir dəfə qarovul rəisi leytenant Nağıyev idi. Şəxsi heyət düzüldü, qarovul təyin edildi, sonra qarovula istirahət verildi. Həmin vaxt tank qarajında idik, tankları təmizləyirdik. Komandir soruşdu ki,
orada nə yemək bişirə bilərsiniz? Dedim, komandir, problem deyil, ürəyiniz nə
istəyir, bişirə bilərik. Dedi,
ürəyim toyuq qızartması istəyir. Dedim, problem deyil, mümkündür. Lazım olan şeylər alındı. Əti qızartdıq, ayrıca qoyduq kənara, kartofu da qızartdıq. Axırda dedi ki, y
ox, hamısını birləşdirib gətirin. Biz də dediyi kimi yeməyi birləşdirib gətirdik. Bir də “Coca-Cola” alıb gətirmişdi. Kola, fanta kimi qazlı suları xoşlayırdı.
Biz yeməyi hazırladıq, çörək qoyduq, süfrəni hazırladıq. Oturdu, sonra bizə dönüb dedi ki,
əziyyət çəkmisiniz, gəlin, siz də oturun, yemək yeyin bizimlə. Dedim ki, komandir, bizim yeməyimiz var, biz yemişik. Dedi ki,
bildim, amma gəlib oturub mənimlə də yeyəcəksiniz. Biz də əsgərlərlə gəlib oturduq, birlikdə yedik. Şokolad da almışdı, sonra çay dəmlədik, birlikdə çay içib, söhbət etdik.

Mənim tərxis olunmağıma az qalmışdı, saçımı uzadırdım. Saçıma görə məni danlayıb dedilər ki, bu həftə saçını kəsdirməlisən. Mən də pis oldum ki, özüm bərbərəm, başqalarının saçını düzəldirəm, mənim saçım niyə kəsilir? Bilinirdi ki, saçım uzundur, kəsilməlidir. Pilləkəndə oturub fikirləşirdim, necə edim ki, kəsdirməyim. Həmin vaxt komandir gəldi, dedi,
nə olub, niyə fikirlisən? Dedim ki, saçımı kəsdirirlər, amma tərxisə az qalıb deyə kəsdirmək istəmirəm. Dedi ki,
fikir eləmə, kəsdirirlər kəsdirirlər, sən də dibindən kəsdir. Qoluma girib məni aşağıda bufetə
apardı. Üç dənə bulka, üç dənə də yarımlitrlik “Pepsi” aldı. Dedim, yəqin, verər mənə, qaldıraram yuxarı. Yəqin hansısa zabitə alıb göndərir. Dedi,
get, otur stulda, mən də gəlirəm. Şəhid baş leytenant Hüseynov Fərrux da gəldi. Üçümüz oturduq. Komandir dedi ki,
aç, ye. Dedim, necə yəni aç, ye? Mənə almısınız bunları? Dedi ki,
sənə almışam bunları, aç, ye. Açıb yedik. Sonra tanklardan, qarovulun vəzifə borcundan filan söhbət elədik. Dönüb baş leytenant Hüseynova dedi ki,
mən təzə gəlmişəm, amma bu əsgər məndən çox bilir qarovulun vəzifə borcunu filan. Haradan deyirəmsə, oradan cavab verir. Baş leytenant
Hüseynov dedi ki, inanmaram. Dedi,
mənə inanmırsan, inanma, mən gözümlə gördüyümü deyirəm. Neçə dəfə tapşırdığım işin öhdəsindən gəlib. Baş leytenant Hüseynov
mənə suallar verdi. Cavab verdim. Qayıtdı ki, hə, sözüm yoxdur. Sonra biz ikimiz qol-qola girib zirzəmidəki bufetdən yuxarıya – 2-ci mərtəbəyə qalxdıq. Qalxdıq, dedi,
fikir eləmə, mən tapşıracağam, sənin saçın kəsilməsin. Mən
oturmuşdum şkafın yanında. Gəlib başımı qucaqlayıb dedi ki,
narahat olma, sənin saçını kəsdirməyə qoymayacağam. Hələ bundan da artıq uzadacaqsan. Zabitlər hamısı başımıza yığılmışdı ki, nə olub yenə qucaqlaşmısız? Komandir dedi ki,
bu, başqa adamdır. Saçını kəsdirmək istəyirlər, amma mən razı deyiləm. Dedilər ki, yaxşı, sən
tapşırarsan, kəsilməz. Sonra başqa bir zabit gəldi. Komandir dedi ki,
bilirsən də, bu da yaxşı əsgərdir? O da komandirin nə deyəcəyini yoxlamaq üçün zarafatyana qayıtdı ki, yox əşi, bunun harası yaxşı əsgərdir? Yaxşı əsgər deyil, heç nə bilmir. Komandir dedi ki,
yox, yox, yaxşı əsgərdir. Sonra komandir sənəd yazmaq üçün öz
otağına getdi. Mən də öz otağıma getdim.

Qarovulda həftəlik dərs cədvəlləri və konspektlər yazılır. Hətta bəzən yaxşı xətti olan əsgərlərə yazdırırdılar. Mən də yazırdım, kömək edirdim, amma bir o qədər hövsələm çatmırdı. Mənə yazmaq üçün veriləndə təzə-təzə özüm yazırdım, sonradan isə mən də verirdim, başqası yazırdı, özüm yazmış kimi aparıb təhvil verirdim. Axırıncı dəfə gətirib vərəq verdi, dedim ki, mənlik deyil, yaza bilməyəcəyəm. Danladı ki,
yox, alınmır belə. Dedim, alınar, verərik, başqası yazar. Nəysə, verdik, başqası yazdı. Bu dəftər iki dəfə yazılmalıydı, amma yağış yağdığına görə mənim başım palçıq təmizləməyə qarışdı, yaza bilmədim ikincini. Komandir özü oturub yazdı. Elə ondan sonra bir-birimizlə çox mehriban olduq. Mənə güvəndi, inandı. Həmişə nə lazım olsa, mənə deyirdi,
get, gətir. Bir dəfə yağış yağmışdı, bölük komandiri məni nə isə almağa göndərmişdi. Mən də o vaxt özümə uzunboğaz çəkmə almağa pul yığırdım. Məni çağırdı, maşınının açarını verib dedi ki,
get, mənim maşınımda hərbi geyimim var, onu gətir. Tapa bilməsən, mülki geyimim var, onu gətir, paltarım islanıb. Mən də öz-özümə dedim ki, komandir məndən birinci hərbi formanı istəyib, gərək mən onu tapam. Gedib, maşının içini ələk-vələk eləyib, çətinliklə də olsa, tapıb gətirdim.
Növbədən çıxanda yorğun olurduq. Deyirdim, komandir, məni burax da. Amma o, icazə vermirdi. Deyirdi:
“Yox, bütün əsgərlər necə, sən də elə”. Yəni əsgərlərin yanında mənə fərq qoymurdu. Ayrılıqda şəxsi münasibətimiz başqa, amma əsgərlərin arasında mənimlə hamıyla olduğu kimi rəftar edirdi.
Komandir, sözün hər mənasında, çox yaxşı insan idi. Xidmətin axırlarına yaxın ev üçün darıxırdıq. Komandir telefonu bizə verirdi ki, evlə danışaq. Çox adamdan biz xahiş edəndə telefonununu vermirdi, əsgərə telefonunu verməyə risk etmirdi. Amma bütün əsgərlər təsdiq edə bilər ki, gedib komandirdən telefon istəyəndə o heç vaxt yox deməyib, telefonunu verib.
Sentyabrın 26-sı hərbi hissədə həyəcan siqnalı verildi. Biz çıxdıq. Yol gəldik. Zabitlər ayrı otururdu, biz ayrı. Sentyabrın 27-si tezdən gəlib çatdıq Füzuliyə. Tankları yerləşdirdik, özümüz də yerləşdik.

Komandirlə biz əvvəlcə ayrı tanklarda idik. O, ikinci bölükdə tank taqım komandiri idi, mən birinci bölüyün əsgəri idim. Biz sentyabrın 30-u Füzuli istiqamətində döyüşə girdik. Orada çox ağır döyüş getdi ‒ yaralanan, şəhid olanlarımız oldu. Orada vurulduq, qayıdıb hospitala yerləşdik. Səhəri gün hospitaldan çıxıb, arxadakı ehtiyata getdik. Çatandan 1–2 saat sonra qalxdım yuxarıya, 2-ci və 3-cü bölüyün yanına. Hamı gəldi, mənimlə görüşdü. Hərbçilər arasında belə bir şey var ki, bir-birinizlə aranız olmasa belə, müharibə vaxtı hamı qardaşdır. Sən döyüşdən salamat qayıdanda hamı şəxsi ədavəti bir kənara qoyub, səni qucaqlayıb öpür. Hamımız oturduq, komandir də gəldi. Alma var idi, yedik, söhbət etdik. Sonra nə isə səs-küy oldu, hamı öz yerinə getdi. Mən dedim ki, 2-ci, ya da 3-cü bölükdə yer olsa, yenidən döyüşə girmək istəyirəm. Dedilər, hə, yaxşı.
Bir neçə gün sonra bizdən yenə döyüşə gedənlər oldu. 3-cü bölüyə yaxınlaşdım, kimə dedimsə ki, mən artıq bir dəfə döyüşdə olmuşam, bilirəm, düş, mən gedim, heç kəs düşmədi. Sonra 2-ci bölüyün yanına getdim. Taqım komandirimə dedim ki, biz eyni tankda girək döyüşə. Mənə dedi ki, narahat olma, mən hansı tankla getsəm, səni də özümlə tuşlayıcı aparacağam. Tankların heç birində yer yox idi. Bir də gördüm ki, 27 saylı tank çıxıb, gəlir. Baxdım ki, tank komandiri leytenant Nağıyev əsgəriylə gəlir. Taqım komandirim onun gənc olduğunu nəzərə alıb leytenant Nağıyevə dedi ki, sən düş tankdan, həm cavansan, həm də mən və əsgər Abdullazadə bir dəfə döyüşdə olmuşuq. Sənin üçün hələ tezdir döyüşə getmək. Taqım komandirim və tabor komandiri nə qədər israr etsələr də, leytenant Nağıyev razı olmadı. Mən də dedim ki, heç olmasa icazə verin, tuşlayıcının yerinə mən gedim. Mən bir dəfə döyüşdə olmuşam. Razı oldular. Leytenant Nağıyevin yanındakı əsgər düşdü, onun yerinə komandirlə mən döyüşə getdim. Tankın üstünə bayrağımızı taxıb, sevinc və coşğuyla yola düşdük. Yol kənarındakı hərbçilərin və mülkilərin sevinc nidaları arasında Horadizi keçdik, Lələtəpənin altından irəlilədik. Lap irəlidə tabor, yanında da bulaq var idi. Oraya yerləşdik. Hər gün gedib, hədəfləri vurub dağıdır, sonra geri qayıdıb, mərmimizi yükləyir, hazır vəziyyətdə növbəti əmrləri gözləyirdik. Gecələr böyük tut ağacının altında oturur, ocaq qalayıb isinirdik.
Yaralanmamışdan bir gün əvvəl quru yemək yeməkdən mədəm ağrıyırdı. Bölüyün baş çavuşundan xahiş etdim, bizə mərci şorbası bişirib gətirdilər. Biz vurulan gün bizə mərci şorbası gəldi, amma biz görmədik. Səhər tezdən bizə konservdən yemək gəldi. Mənim yeməyə imkanım olmadı, amma komandir məni məcbur etdi ki, yeyim, birdən anidən çıxmalı olarıq. Yeməyə yenicə oturmuşduq ki, atışma düşdü, biz çıxmalı olduq.

Biz çox yerləri vurmuşduq. Düşmənin “val”larını (qorunmaq, dayanıb atəş açmaq üçün istehkam –
red.) vururduq, qorxudan qışqırışıb dağılırdılar. Daha sonra onların çadırdan olan qərargahını vurduq. Hər uğurlu vuruşumuzda sevincdən qışqırırdıq. Köhnə bir ev var idi, onun arxasında da Kamaz. Kamazın təkcə burnu göründüyü üçün biz başa düşdük ki, onu vura bilməyəcəyik. Ona görə də yerimizi dəyişdirdik. Zərbəmizin şiddətindən Kamaz göyə qalxıb, yerə çırpıldı, darmadağın oldu. Orada həm də hərbi hissənin həyətində hərbitəyinatlı minik maşını var idi, yanında da bir neçə nəfər. Açığı, mən onu görməmişdim, komandir mənə dedi ki,
mənim sənə göstərdiyim yeri vur. O mənə koordinatları verdi, mən də həmin yeri vurdum və maşını darmadağın etdik. Sonra dedi ki,
gözünün qabağında nə qədər tikili var, hamısını vur, dağıt. – Bəs siz tuşlayanda onlar sizin tankı görmürdülər? Azər: Biz vururduq, sonra tankı geri çəkirdik. Sonra bir də vururduq.
Komandir mənə dedi ki,
birinci əsasları vur, sonra qalanlarını dağıt. Mən də baxdım ki, ikimərtəbəli bir bina
var, hər pəncərəsində də sərinkeş. Fikirləşdim ki, sərinkeş varsa, mühim bir yer olar. Birinci oranı vurub dağıtdıq, sonra da hərbi hissənin geri qalanını. Həmin gün həm də iki Kamaz, iki UAZ, bir də hərbi minik maşınını vurduq. Çadırdan olan qərargahı vurduğumuz gün isə həm də başqa bir ərazini vururduq. Orada ağaclar var idi, biz vurduqca onlar qaçıb ağaclar olan tərəfə yığıldılar. Biz oranı vuranda isə qaçıb səngərdə gizləndilər. Komandir mənə dedi ki,
tək-tək vurma, qoy hamısı bir yerə yığılsın, sonra vur. Gözlədik, hamısı yığıldı səngərin ağzına, daha
sonra vurduq. Haradasa 25 nəfər olardılar, hamısını elə məhv elədik. Yenə həmişəki kimi bizim tankdan sevinc və qışqırıqlar yüksəldi. Bir şey var ki, ermənilər qorxaqdır, vururduq, görürdülər ki, yox, tab gətirə bilmirlər, qaçırdılar.
Ondan sonra başqa bir “val” var idi. Oranı vurmağa getmişdik. Üç ədəd təpə idi. Həmişə komandir birinci piyada tək gedib hədəfə baxır, gəlib bizə izah edir, sonrada tankla gedib oranı vururduq. Bu dəfə dedim ki, mən də sizinlə gedim. Razılaşdı, getdik.
Tankları aşağıda saxladıq, mexaniklər qaldı tankda. Biz görünməmək üçün sürünə-sürünə üzüyuxarı qalxdıq. Bizə 3 təpəni göstərib dedilər ki, soldan başlayaraq nə görürsünüzsə, dağıdın. Durbinlə hamısına baxdıq. Sonra komandir mənə dedi ki,
gördün, haranı vuracaqsan? Dedim, hə. Dedi,
sol təpə bizlikdir. Dedim, yaxşı.
Qayıdıb gəldik, əmr verdilər, başladıq vurmağa. Bir dəfə vurduq, ikinci dəfə vurduq, üçüncü dəfə vuranda tankımız xəbərdarlıq siqnalı verməyə başladı. Bu o demək idi ki, bizi nişan alıblar. Biz maşını maskalamaq üçün tüstü qumbarası atıb geri qayıtdıq, tankı gizlədib gözlədik. Sonra başqa istiqamətdən çıxdıq, amma tank yenə xəbərdarlıq siqnalı verdi. Yenə geri qayıdıb, yerimizi dəyişib çıxdıq, bu dəfə tapa bilmədilər.
–
Siqnal o deməkdir ki, silahı sizə qarşı tuşlayıblar?
Azər: Bəli, o deməkdir ki, bizi nişan alıblar.
Sonra başqa istiqamətdən çıxıb, həmin yerləri vurduq.
Sonra bizə rabitədən xəbər gəldi ki, həmin yerləri vurmusunuz. Komandir çevrilib mənə göz vurdu ki, yəni qurtardı, vurduq, hazırdır. Sonra əmr verildi ki, qayıdın öz yerinizə, mərmi yükləyib, ehtiyatda gözləyin.
Oktyabrın 6-sı Füzulidə olanda gecə çox soyuq idi. Hamımız dərənin içində soyuqdan qorunmaq üçün qucaqlaşıb yatmışdıq. Komandirlə mən kürək-kürəyə yatmışdıq. Hava çox soyuq olduğu üçün komandir soyuqdan əsirdi. Mən isti olsun deyə onu qucaqladım, amma sonra özüm də titrəməyə başladım. Başqa bir yoldaşımız gəldi, o da məni qucaqladı, üçümüz kürək-kürəyə verib yatdıq. Səhər oyananda da üşüyürdük. İsinmək üçün hərəkət etdik, yemək axtarıb tapdıq.
–
Nə tapdınız? Azər: Konserv, ancaq konserv idi. Bir də pryannik və peçenye...
–
Özümüzünkülər vermişdi, yoxsa? Azər: Hə, hə, amma onlarınkıları da tapırdıq.
Sonra qabağa erməni postuna getmişdik. Paltarlarımız yaş idi. Oradan axtarıb şokolad tapdıq, yedik. Onu da videoya çəkmişik. Sonra komandir getdi ki, görsün, başqa nə var. Oradan bir paket nəm salfet tapdı, bir ədəd də batareya. Dedi,
aparacağam evə. Bir ədəd qayçı, üç ədəd də köynək gətirdi formanın altından geyinməyə. Mənim kəmərim yox idi, onun əvəzinə ip bağlayırdım. Mənə kəmər gətirdi. Bir də üç qutu siqaret tapıb gətirdi. Hamısını yığdı tanka ki,
aparıb aşağıda hamıya göstərəcəyəm. Orada bir neçə saat qaldıq. Sonra dedilər, bir tank lazımdır, yuxarıda hədəf var, oranı vurmağa. Hamı özünü irəli verdi ki, mən gedəcəyəm. Başqa bir tank var idi, o qalxıb vurdu. Sonra oradan çıxıb, aşağıda Lələtəpənin altına qayıtdıq. Əynimiz yaş idi, yemək yeməmişdik, bir də mərmi yükləməli idik. Tanka mərmi yüklədik, əynimizi dəyişdik (soyuq olmasın deyə altdan tapdığımız paltarlardan da geyinmişdik). Paltar gəldi bizə, əynimizi dəyişdik, yemə yimizi yedik, oradan çıxıb irəli tərəfə qayıtdıq. Çıxmamışdan qabaq ehtiyat üçün əlavə yemək və paltar da götürdük. Həmin gün bölündük. 4 tank bir istiqamətə getdik, 4 tank da başqa bir istiqamətə. Orada komandirin uzunboğaz çəkməsi dözmədi, cırıldı. Ayaqyalın qalmışdı. Soraq elədik ki, uzunboğaz çəkmə lazımdır. Uzunboğaz çəkmə yox, amma təzə çəkmə tapdılar. Komandirin forması da cırılmışdı. Komandirə dedilər ki, sizə evdən bağlama göndəriblər. Komandir dedi ki,
qardaşım göndərib, arxadadır, danışmışam, buraya gətirəcəklər. Dedi,
içində hər şey: təzə uzunboğaz çəkmə, hərbi forma, siqaret var (Azərin çəkdiyi siqareti xüsusilə
tapşırmışdı –
red.). Qardaşı hər şey göndərmişdi.

Oktyabrın 9-u tanka mərmi yükləyəndə bizə çoxlu şirniyyat vermişdilər, oturub yedik. Komandir başladı arzularını saymağa ki, buradan qayıdandan sonra nə edəcək. Bir az telefonla məşğul oldu. Sonra dedi ki,
bilməzdim, qardaşlarım məni bu qədər çox istəyirlər. Dedim, niyə, komandir? O, nə sözdür? Orada bir gün əvvəl Ford pikap sürmüşdü, çox xoşuna gəlmişdi. Dedi,
tankdan düşüb, pikap sürmək bir başqadır, tankdan sonra bu çox rahat gəlir. Dedi,
qardaşımla danışanda demişəm ki, bu maşından ürəyim istəyir. O da mənə dedi ki, ürəyin hansı maşından istəyir, alacağam, təki sən gəl. Komandir dedi ki,
mən qardaşıma bəhanə edib dedim, öz maşınım köhnəlib, filan şeyləri xarabdır. Qardaşı deyib ki, onlar da düzəlib, təkərlər də dəyişilib. Hələ biz müharibədən qabaq Bakıda olanda komandir mənə zarafatla demişdi ki,
təkərin birini sən dəyiş. Mən də demişdim ki, yaxşı, əsgərliyim qurtarsın,
dəyişdirəcəyəm. Mən ona sual verdim ki, maşını aparıblar hərbi hissədən? (Həyəcan siqnalı veriləndə maşını aparıb qoymağa, adicə evdəkilərlə sağollaşmağa imkanı olmamışdı –
red.) Dedi,
hə, hər şeyi düzəlib, qardaşım düzəltdirib, təkərini də dəyişdirib. Amma mən dedim ki, o maşın köhnəlib, mənim özümün ürəyim istəyən maşın var, qardaşım alacaq, razılaşmışıq. Sonra məndən soruşdu ki,
sənin ürəyin nə istəyir? Mən dedim, buradan salamat çıxa bilsək, görüşmək, gecə şəhəri gəzmək istəyərəm. Bilmirəm, istədiyi var idi, yoxsa yox, mənim yox idi. Dedim, ancaq buradan çıxıb, şəhəri gəzmək, rahat, sakit bir yerdə olmaq istəyirəm. Olduğumuz yer çox səs-küylü idi, dedim, ancaq sakit bir yerdə olmaq istəyirəm.
–
Murad başqa nə arzuladı? Arzusu nə idi? Azər: Onun arzusu ancaq döyüşmək idi. Döyüşsün, bir addım arxaya, geriyə çəkilməsin.
–
Müharibədən sonrakı arzuları haqqında nə deyirdi?
Azər: Xarici ölkəni (Türkiyəni) gedib gəzmək istəyirdi. Ən böyük arzusu gedib oranı gəzmək idi. Bir də maşın həvəskarı idi.
Sonra dedilər ki, yemək vaxtıdır, yemək gəlib, deyəsən. Gedib, oturub yemək yedik. Komandir kolbasanı çox xoşlayırdı. Arxaya zəng edib MTT (Maddi-Texniki Təminat) rəisinə demişdi ki,
gələndə mənə kolbasa gətirərsiniz. Bir az dərman-filan götürdük, boğazım ağrıyırdı, hamısını yığdıq tankın arxasına. Dedik, lazım olar.
–
Həmin gün necə oldu? Azər: Həmin gün (oktyabrın 11-i) səhər tezdən yeməyimizi yedik. Komandir məni 4–5 dəfə tanka göndərdi, getdim, gəldim. Sonra biləndə ki, mən yemək yeməmişəm, məni göndərdi yeməyə. Biz də mexaniklə gedib, konserv açıb, qazana tökdük. Dairəvi dönər çörəkləri gətirmişdilər, onları da götürdük, oturduq yeməyə. Yenicə başlamışdıq ki, atışma düşdü, yeyə bilmədik. Qazanı və çörəyi götürdüm ki, tankın üstündə yeyərik. Orada da gördük ki, yox, yeməyə vaxt yoxdur. Yeməyi atıb, mindik tanklara, getdik. Qabaqda irəlilədik. Sonra tankımızı vurdular.
–
Vurulanda sən bildin ki, sizi nişan alıblar? Azər: Xeyr, hiss etmədik, içəridə heç nə hiss etmədik. Bircə alov hiss etdim, alov qalxdı. Başım dəydi, sonra da gözüm tutuldu.
–
Həmin gün Muradın ürəyinə nə isə dammışdımı? Yoxsa ümidi var idi ki, müharibədən salamat çıxacaq? Azər: Həmişə qayıtmaqdan nəsə söz düşəndə deyirdi,
qismət, inşallah, yaxşı olar.
Oktyabrın 4-ü Cəbrayıl istiqamətində döyüşürdük. Tankı maskalamak üçün üstünə ağac qırıb tökürdük. Üç-dörd ədəd yığıb tökəndən sonra dedim, day bəsdir, komandir. Komandir bəyənmədi, dedi ki,
üç dənə ağacla maşını gizlətmək olar? Tankın üstü tamam örtülməlidir. Təzədən ağac gətirdik, maşını tamam maskaladıq. Bu vaxt düz yanımıza mərmi düşdü. Onda soruşdum ki, buradan sağ çıxmaq haqda nə düşünürsən, komandir? Demişdi ki,
qismət... Alnımızda nə yazılıbsa, o da olacaq. Haraya qaçsan, haraya getsən, lap arxada ol, istəyirsən, qismətində varsa, olacaq. 
Bir dəfə düz başımızın üstündən mərmi keçdi və yaxınımızda partladı. Biz onda yemək qızdırırdıq, heç nə olmamış kimi yeməyə davam elədik. Bu artıq bizim üçün adi bir şey idi.
Hava yağışlı idi, arxa cəbhədən adamlar gəlmişdi, onlarla şəkil çəkdirdik. Sonra qalxmağa davam etdik. Orada meşə kimi ağaclıq, kolluq bir yer var idi, tam yadımda qalmayıb. Getdik oraya, orada döyüşdük. Geri qayıdanda düşmən texnikasına rast gəldik. Tam yadımda qalmayıb, amma, deyəsən, BTR idi. Bizimkilər bir tərəfindən yüngülvari vurmuşdular, ermənilər qoyub qaçmışdılar, içi mərmiylə dolu idi. Orada sevindim ki, komandir, bunu aparsaq, əla olar. Komandir dedi ki,
yox, biz burada dayansaq, onlar bizi görərlər. Bizə görə digər tanklarımız da vurula bilər. Ona görə biz digər tanklara dedik ki, onlar
bizi gözləməsinlər, biz arxadan gələcəyik. Düşüb erməni texnikasına baxdıq, işə salmağa çalışdıq, amma işə düşmədi. Məcbur qalıb tankımıza qoşub, gətirdik öz tərəfimizə. İçi mərmi ilə dolu olduğu üçün yolda bir-iki problem oldu, amma sağ-salamat gətirib çatdırdıq.
Mən bir az dikbaş idim, mərmi düşəndə əyilmirdim. Qismət, qismət deyirdim. Komandir məni danladı ki,
düz etmirsən, əyil aşağı. Mərminin haraya düşəcəyi bilinmir. Bir də belə etmə! –
Bilirəm, say demək çətindir, amma bilmirsən, siz birlikdə olduğunuz müddətdə Murad təxminən nə qədər ermənini məhv etmiş ola bilər? Azər: Birlikdə olarkən hərbi hissəni dağıtdığımız vaxt iki Kamaz (birinin içi şəxsi heyətlə dolu idi), iki UAZ vurduq, başqa bir hərbitəyinatlı minik maşını vurduq. Bir qənimət götürmüşük (BTR). Bir də əvvəldə dediyim, qaçıb səngərə girən həmin 25 nəfər şəxsi heyət var idi, onları vurduq. Əslində, tam say demək çətindir, çünki biz hərbi hissə, qərargah kimi strateji obyektləri, müxtəliftəyinatlı hərbi vasitələri vururduq, düşmənin atəş nöqtələrini susdururduq, “val”larını, səngərlərini və digər istehkamlarını dağıdırdıq, amma içində nə qədər adam olduğunu görmürdük.

–
Uğurlu atışlardan sonra Muradın dediyi ilk söz və ya nida və yaxud etdiyi ilk hərəkət nə olurdu? Azər: Tankın içində bir-birimizi görsək də, texnikanın səsindən bir-birimizi eşitmirdik, ancaq rabitəylə danışırdıq. Tuşlayıcı hədəflərə yalnız monitordan baxır, tank komandiri isə həm də kiçik pəncərədən görə bilir. Atışı edəndən sonra mən komandirə baxırdım ki, görüm, hədəfi vurmuşuq? Erməniləri vuranda sevinirdik, ya əliylə əla işarəsi göstərirdi, ya da göz vurub gülürdü, ya da ki əlini uzadıb əlimi sıxırdı, qışqırırdıq. Uğurlu vuruşlardan sonrakı sevinc və fərəh hissi tamam başqa idi. Qayıdanda tankın giriş qapağından çıxıb, sevincdən qışqırırdıq ki, vurub dağıtdıq, qovduq onları.
–
Geri qayıdıb, tankdan düşəndə səni qucaqlayırdı? Azər: Xeyr, tankın içərisində yaxın otursaq da, hərəkətdə olanda çox yaxınlaşıb, qucaqlaşa bilmirdik, çünki tankın topu qalxıb enirdi.
Adətən, mərmini tanka tank komandiri yükləyir, tuşlayıcı isə atəş açır. O deyirdi ki, əziyyəti o çəkib mərmini yükləyir, mən isə ancaq düyməni basıb atəş açıram. Həm də orada heç kəs ona mərmi yükləməyi öyrətməmişdi. Bir nəfər var idi, ona bir-iki sual verdi, sonra özü girdi tankın içinə, düymələri basa-basa yükləməyi öyrəndi. Növbəti dəfə artıq mərmini təkbaşına yüklədi. Sonra mərmi yükləməyi mənə də öyrətdi. Dedi:
“Gəl indi əziyyətini özün çək, özün də vur”. Bir dəfə mən bilərəkdən səhv etdim ki, görsün, yükləyə bilmirəm, özü yükləsin, çünki çox çətin idi.
–
Heç Muradın qorxduğu an olubmu? Azər: Xeyr, komandir heç vaxt qorxmurdu. Amma şəhid xəbəri gələndə çox pis olurdu. Gözləri dolurdu. Hamımız pis olub ağlayırdıq. Amma qorxmaq heç vaxt olmurdu.
–
Şəhid xəbəri gələndə qisas hissi alovlanırdımı? Azər: Bəli, hamımızda. Bir şey var ki, heç birimiz dayanmaq istəmirdik. Hansı gün ki çox irəli gedə bilmirdik, onun özü də pis olurdu, mən də. Ancaq irəli getmək, qələbə qazanmaq istəyirdik. Kəşfiyyatçılar irəlidə gedirdilər, keçə bilmədikləri çətin yer olanda bizə məlumat gəlirdi, biz həmin yeri vurub dağıdırdıq, onlar keçirdilər (Muradgilin tankı ən irəlidə xüsusi təyinatlılarla hərəkət edirdi –
red.).
–
Vurulduğunuz üçün özünüzdə günah görürsənmi? Səhlənkarlıq etdiyinizi düşünürsənmi? Azər: Xeyr. Vurulduğumuz gün tankımız siqnal vermədi. Həmin gün tankımız xəbərdarlıq siqnalı versəydi, biz yenə bundan əvvəl bir neçə dəfə etdiyimiz kimi tankı maskalayıb gizlədərdik. Amma həmin gün tankımız hansısa səbəbdən siqnal vermədi.

–
Sən özün vurulanda bildin ki, Murad şəhid olub? Azər: Mən təkcə alov hiss etdim. Sonra özümdən getmişəm. Bir də xəstəxanada iki əməliyyatdan sonra ayıla bildim. Komandir haqda sonra öyrəndim.
–
Muradda ermənilərə qarşı ürəyiyumşaqlıq olurdumu heç? Azər: Xeyr, amma bir şey bizi narahat edirdi. Qarşımıza qadın və ya uşaq çıxsa, nə edərik?
–
Heç çıxıb? Azər: Xeyr. Həmişə düşünürdük ki, əlisilahlı kişilər çıxsa, heç, onları məhv edərik, amma qadın və uşaqlar məsələsi bizi narahat edirdi.
Bundan sonra nə işlə məşğul olacağımı soruşanda demişdim ki, MAHHXHQ olaraq qalıb, xidmət etmək istəyirəm. Mənə demişdi ki,
MAHHXHQ kimi niyə qalırsan? Mən sənə dəstək olaram, MAHHXHQ kimi yox, kurs keçib, zabit kimi qalarsan. Komandir hər şeydən inciyən adam deyildi. Ona edilən yaxşılığı heç vaxt unutmurdu. Bir problemi olsa belə, onu heç vaxt bəlli etmirdi. Problemini heç kimlə bölüşmürdü.
Cəbrayılda çox şirin nar var idi, hələ indiyə qədər elə gözəl nar yeməmişdim. Qırıb gətirdim, birlikdə yedik.
Vurulmamışdan bir gün qabaq təzə paltarlar gətirmişdilər, hamımız geyindik. Mənə demişdi ki,
elə hazırlaşırsan, elə bil görüşə gedirsən. Gülmüşdük.
–
Murad təmizkar idi? Azər: Bəli, həmişə çox səliqəli idi, maşınının içi də həmişə təmiz olurdu. Paltarları səliqəli, uzunboğaz çəkməsi də təmiz olurdu.