Bütün xatirələr

Kuleli Askeri Lisesi,
Kara Harp Okulu və AAHM-dən kursant yoldaşları

    – Muradla necə tanış olmusunuz?
    Əhməd: İlk dəfə bir-birimizi 2011-ci ildə hava limanında tanıdıq. Murad, Təbriz, mən və başqa iki yoldaşımız İstanbuldakı Kuleli hərbi liseyində təhsil almaq üçün seçilmişdik və oraya yola düşürdük. Yadıma gəlir ki, Murad üstündə cizgi film personajı şəkli olan qısaqol köynək geyinmişdi. Həmişə həmin köynəyi yada salıb gülüşürdük. Ümumiyyətlə, Türkiyədə təhsil alarkən darıxmayaq deyə bir-birimizlə çoxlu zarafatlar edirdik. Çünki orada biz bir-birimizi ailəmizdən belə daha çox görürdük. Yeməyi birlikdə yeyir, dərslərimizi birlikdə oxuyur, asudə vaxtlarımızı birlikdə keçirirdik. Muradla 9 illik davamlı münasibətimiz olub, birlikdə çoxlu xatirələrimiz var. Ona görə də adam bilmir, hansından danışsın.
    Əmrah: Muradı 2012-ci ilin sentyabr ayında Kuleli hərbi liseyində tanımışam. İlk dəfə qarşılaşanda sanki onu illərdir, tanıyırammış kimi hiss etmişdim. Onun insani keyfiyyətləri, ətrafındakılara qarşı isti münasibəti məni belə düşündürmüşdü.
    Anar: Mən Kulelidə Muraddan iki sinif aşağı təhsil almışam. Daha sonra AAHM-də də kursant yoldaşı olmuşuq. Deyib-gülən, zarafatcıl oğlan idi. Bizə çox dəstək olub. Mən deyərdim ki, əgər hərbidə beş nəfər vətənpərvər insan varsa, onlardan biri Murad idi.
    – Muradın ətrafındakılara qarşı münasibəti necə idi?
    Əhməd: Murad istər Türkiyədə olsun, istər Azərbaycanda, istər mülki həyatda olsun, istərsə də hərbidə daima komandirlərinin və ətrafındakıların rəğbətini tez qazanırdı. Yəni biz onun qədər kimləsə yaxın münasibət yarada bilmirdik. Mənə elə gəlir ki, bu onun həm çox mədəniyyətli, həm də çox savadlı olması ilə əlaqədar idi. Müharibədən sonra hamı Muradı soruşurdu. Telefonum onunla bağlı suallarla dolub-daşırdı. Mən isə onlara dolğun cavab verə bilmir, özüm də kövrəlirdim.
    Elsevər: Murad çox təmizqəlbli, gülərüz, mehriban bir insan idi. Hamıya xoş rəftar və isti münasibət göstərirdi. Muradın bu xüsusiyyətini tək cümlə ilə ifadə etmək olurdu: O, həyatı, yaşamağı və insanları çox sevir. Qəlbi sevgi dolu olan şəhidimiz heç vaxt istəməzdi ki, kiminsə xətrinə dəysin.
    Gündüz: Məncə, şəhidlər, həqiqətən, bir gündə şəhid olmurlar, onlar şəhid doğulurlar. Bilmirəm, nədəndir, amma sanki Muradın davranışlarından, xeyirxahlığından, bir yoldaş kimi özünü aparmağından onun şəhid olacağını hiss edirdim.
    – Muradın yoldaşları ilə münasibəti necə idi?
    Əhməd: Dostlarına qarşı çox diqqətcil idi. AAHM-ə yeni gəlmişdik. Oradakı kursantlarla hələ yeni-yeni tanış olurduq. Başımız gündəlik fəaliyyətlərə o qədər qarışmışdı ki, öz ad günümü də yaddan çıxarmışdım. Baxmayaraq ki, Muradın da başı qarışıq idi, o mənim ad günümü unutmamışdı. Murad yenə də təşkilatçılıq qabiliyyətini işə salmış, yoldaşlarımızla bir neçə saatın içində mənim üçün sürpriz ad günü ziyafəti təşkil etmişdi. Murad həm də dostlarına qarşı çox əliaçıq və qonaqpərvər idi.
    Təbriz: O, dostlarını heç vaxt darda qoymazdı. Bir dəfə Bakıya gəlməliydim. Elə oldu ki, gecə gəlib çatdım. Mənim də Bakıda nə yaxın qohumum, nə də ki tanışım var. Onda məni Murad qarşıladı, evlərinə apardı. Heç vaxt yaddan çıxarmaram. Evlərinə getdik. Onlarda qaldıq. Ailəsi mənə süfrə açdı. Mən heç Muraddan xahiş etməmişdim ki, mənim üçün yer tapsın. Özü təşkil etmişdi. O da, ailəsi də məni buraxmırdılar. Birtəhər oradan çıxıb, bir az uzaqda yaşayan qohumlarımın yanına getdim.
    Nihat: Muradın ürəyinin nə qədər saf və təmiz olduğunu hamı yaxşı bilsin, istəyirəm. Türkiyəyə təzə gəldiyim vaxtlar idi. Həm fərqli ölkəyə öyrəşmək bir az çətin gəlirdi, həm də hərbi həyat adamı lap sıxırdı. Muradla həmin vaxt tanış olmuşdum. O artıq 5 il idi ki, Türkiyədə təhsil alırdı. Muradla hər gün söhbət edirdik. Biz 4 nəfər gəlmişdik. O bizə oraya uyğunlaşmaqda kömək edirdi. Murad bizim üçün telefonundan internet açır, biz də onun sayəsində ailəmiz və yaxınlarımızla əlaqə saxlayırdıq. Kamp günlərində biz çadırda qalırdıq. Mən çadırın önünə gələndə Murad artıq özü internet açırdı. Bir telefonu var idi ‒ “Samsung S5”. Ekranı da sınıq idi. Hələ də yadımdadır.
    Anar: Murad Türkiyəyə təzə gələndə mənə də çox kömək etmişdi. O tək mənə yox, Kulelidə aşağı kurslarda təhsil alan hamıya dəstək olub. Hərbiyə ilk addımlarımızı atanda bizə hərbi sahə haqqında ilk məlumatları verən, istiqamətləndirən adamlardan biri olub. Murad bizə böyük qardaş olub, bizə maddi və mənəvi hər cür dəstək verib, bizə can yandırıb. Aprel döyüşləri vaxtı biz Kulelidə təhsil alırdıq, Muradgil isə artıq Kara Harp Okulunda idilər. Biz yuxarılara ərizə yazıb döyüşlərə qoşulmaq istəyirdik.
Muradla danışanda o mənə dedi ki, siz hələ balacasınız, sizi aparmazlar, amma buraxsalar, biz gedərik. Gedə bilsəniz də, siz getməyin, biz gedək, çünki siz hələ körpəsiniz.
    Murad qərib ölkədə bizə valideyn əvəzi olub. Nə vaxt onun qapısını döymüşük, bizə heç vaxt yox deməyib. Azərbaycana qayıdanda bizə ürək-dirək, təsəlli verən də yenə Murad olub.
    Elsevər: Hərbi təhsil aldığımız dövrdə dəfələrlə birlikdə növbətçi olmuşuq. Çox olub ki, Murad mənim yorğun olduğumu görüb və məni gedib istirahət etməyə məcbur edib. Özü də yorğun olmasına baxmayaraq, əlindən gələni edirdi ki, birlikdə xidmət etdiyi insan yorulmasın. Xidmətin sonunda da gülər üzlə soruşardı: “Necə keçdi xidmət?” Cavabında “əla” sözünü eşitmək onu çox sevindirərdi.
    Əbdülkərim: Murad mənim ən pis vaxtlarımda yanımda olub. Atam vəfat edəndə 7 həftə ancaq öz yanında gəzdirmişdi. Məni heç vaxt tək qoymurdu. Kafeyə aparıb məcburi yemək yedizdirirdi. Stadiona aparıb çoxlu söhbət edir, məni sakitləşdirirdi. Həmin günlərdə mənim ən böyük dayağım Murad olmuşdu. Onun sayəsində ayaqda qala bilmişdim. Mənə çox öyüd-nəsihət vermişdi.
    Tural: Muradla şənbə və bazar günləri buraxılış olanda evə birlikdə gedirdik. Mən Qaraçuxurda yaşayıram deyə yolumuz eyni idi. Elə vaxtlar olurdu ki, mənim yanımda pul olmayanda Murad öz cibindən mənim yol pulumu da verirdi və heç vaxt o pulu məndən geri götürmürdü. Çox ürəyiaçıq, səmimi bir dost, yoldaş qədri bilən bir insan idi.
    Bir dəfə imtahanda mən Murada kömək edəndə müəllim bunu gördü və məni imtahandan uzaqlaşdırmaq istədi. Mən artıq imtahandan keçmişdim, amma buna görə mənim nəticəmi ləğv edəcəkdi. Murad müəllimə yaxınlaşıb dedi ki, mən ona kömək etmişəm və xahiş etdi ki, mənim yox, onun nəticəsini ləğv etsin. Murad belə mərd oğlan idi.
    Gündüz: Muradla tez-tez söhbət edərdim, çünki o, qarşısındakı insanları dinləyə, onları anlaya bilirdi. Bir dəfə ona Qarabağ arzumdan danışdım. O mənə baxdı və dedi: “İnanıram, Gündüz. İnşallah, sən bir gün o istəyinə nail olacaqsan”. Murad çox ürəyigeniş uşaq idi, heç bir şeyini dostlarından, yoldaşlarından əsirgəməzdi. Onun gözəl bir saatı var idi. Buraxılışlara gedəndə Murad bu saatı heç düşünmədən mənə verərdi.
    Təbriz: Murad həm də tanımadığı adamlara qarşı rəhmli və əliaçıq idi. Kulelidə oxuyarkən bizi həftənin şənbə və bazar günləri məktəbdən çölə buraxardılar. Təqaüdümüz çox olmasa da, özümüzü birtəhər dolandırırdıq. Yenə həftəsonu Muradla gəzməyə çıxmışdıq. Axşam düşdüyü üçün hazırlaşırdıq, məktəbə qayıdaq. Mənim pulum qurtarmışdı, Muradın da cibində haradasa üç-dörd lirə pulu qalmışdı. O pulla da avtobusa minib geri qayıdacaqdıq. Bir qız yaxınlaşdı. Üst-başı elə də təmiz deyildi. Dedi ki, evə getməlidir, amma pulu yoxdur. Murad heç tərəddüd etmədən çıxarıb cibində nə qədər pulu var idisə, hamısını o qıza verdi. Biz də məktəbə piyada qayıtdıq. Demək istəyirəm ki, yaxşılıq edərkən özünü heç düşünməzdi. Ürəyindən yaxşılıq etmək gəlirdi və edirdi.
    – Muradın dərsləri necə idi?
    Əhməd: Murad həm nəzəri, həm də praktiki dərslərdə çox yaxşı idi. Qoşun təcrübəsinə birlikdə getmişdik. Bir dəfə sırada hərbi hissə komandiri taqım komandirlərini bir addım önə çıxardı. Onlarla birlikdə Muradla məni də önə çıxardı və hamımıza tank taqımının atəş sxemini çəkməyimizi tapşırdı. Hamımız çəkdik. Hərbi hissə komandiri ən axırda Muradın çəkdiyi sxemi yoxladı və heyrətini gizlədə bilməyib, üzünü sıraya tutub belə dedi:
    – Kursant burada harikalar yaradıb, amma siz hələ də bir sxemi bitirə bilməmisiniz.
    Gündüz: Təlimə gedəndə çox vaxt mən Muradla birlikdə qaçırdım. Onun çox iradəli bir zabit olduğunu
görürdüm. Qısa bir vaxt ərzində o, qaçışını inkişaf etdirmişdi və artıq onu ən ön sıralarda görməyə başlamışdıq.
    Tural: Televiziya çəkilişləri olanda onunla birlikdə tank-sürücülüyünə gedirdik. Müəllimlər tərəfindən seçilən, təqdir edilən kursant idi. Ona görə də onu həmişə çəkilişə dəvət edirdilər. Tank idarə etmək bacarığı da çox yüksək səviyyədə idi.
    Anar: Ömürboyu yaddan çıxarmaram. Murad deyirdi ki, AAHM-i bitirim, məzun olum, elə bir tankçı olacağam ki, hamı məni adla çəkəcək. Dediyi kimi də oldu.
    Əhməd: Murad həmişə tank-sürücülüyündən yüksək qiymətlər alırdı. Müəllimlər deyirdi ki, o, tankı çox rahat idarə edir. Sanki avtomobil sürür. Avtomobil demişkən, Murad avtomobili də çox peşəkar idarə edirdi.
    Firudin: Muradın avtomobillərə marağı çox idi. Həm də sürəti çox sevirdi. 2019-cu ilin yay ayları idi. Bir dostumuz bizi Yardımlıya, qardaşının toyuna dəvət etmişdi. Biz də iki gün əvvəldən yola çıxıb, Lənkəranda Əhmədgilin evində qonaq olub, istirahət etmək qərarına gəldik. Murad Bakıdan icarəyə avtomobil götürdü. Bakı–Astara yolunda, körpünün üstündə ötmə əməliyyatı zamanı Muradı polislər saxladı. Hərbçi olduğumuz üçün bizə güzəşt etdilər və 60 manatlıq cərimə yazdılar. Nə qədər Muradı razı salmağa çalışsaq da, bizə imkan vermədi ki, cəriməni ödəyək. Özü ödədi. Murad çox ürəyiaçıq uşaq idi. Hər zaman əlindəkini paylaşardı. Biz də birtəhər onu razı saldıq ki, heç olmasa yolda yemək-içmək və yanacağı biz alaq.
    Əhməd: Murad sürəti sevsə də, avtomobili çox diqqətli idarə edirdi. Yardımlıya gedən yol çox dar və təhlükəli yerlərdən keçirdi. Biz maşında deyib-gülür, əylənirdik, amma mən fikir verirdim ki, Murad bütün diqqətini yola verib. Onunla birlikdə maşında şəkil çəkdirmək istəyəndə o, maşını saxlayır, şəkil çəkdirib qurtardıqdan sonra yenidən yola davam edirdik. Mən ona deyirdim ki, rahat ol, biz sənə güvənirik. O isə deyirdi ki, mən özümdən başqa 4 nəfərin məsuliyyətini daşıyıram. Ona görə də diqqətli olmalıyam. Bundan bir az keçmiş bir sürücü qarşımızda təhlükəli qəza şəraiti yaratdı. Murad özünü itirmədən cəld manevr edərək qəza şəraitindən çıxmağı bacardı.
    – Murad asudə vaxtlarını necə keçirirdi?
    Təbriz: Murad gəzməyi sevən insan idi. Amma necə gəzmək? Boş-boş gəzməyi sevmirdi. Həm də şərt deyildi ki, cibində pulu olsun, pul xərcləsin. Əsas dünyagörüşünü artıracaq, ona dəyər qatacaq gəzintiləri sevirdi. Məsələn, İstanbulda oxuyanda gedib oradakı məscidləri, muzeyləri gəzər, bol-bol şəkil çəkdirər, tarixləri ilə maraqlanardı. Elə vaxt olub ki, Muradla İstanbul boğazını bu başından o başına piyada gəzmişik. Həmişə deyərdi ki, başqa yerləri də gedib görmək istəyirəm. Amma qismət beləymiş.
    2015-ci ildə Kulelini bitirib Ankaraya köçdük. Orada Kara Harp Okulunda təhsilimizə davam etdik. Amma Murad da, mən də Kuleli üçün, İstanbul üçün çox darıxırdıq. İstirahət üçün oraya getmək istəyirdik. Ankarada çalışıb pulumuza qənaət edir, pul yığıb, həm yay, həm də qış tətillərində İstanbula gedirdik. Bu, əsasən, Muradın fikri idi. O bizim beynimizə salmışdı. Biz də birlikdə gedirdik.
    Nihat: Murad Əhmədgilə qonaq gələndə biz uzun illər idi ki, bir-birimizi görməmişdik. Birlikdə Əhmədgildə yemək yeyib, keçmiş günləri yada salmışdıq. Dünənki kimi yadımdadır. O qədər xoşbəxt idik ki, “pis günümüz belə olsun” deyib söhbət edirdik. Lənkəranda xeyli gəzmişdik. Əhməd bizi görməli yerlərə aparmışdı. Murad çox maraqlı uşaq idi. Nə görürdüsə, sual verir və ona bir şey qoşub deyib-gülürdü.
    Əmrah: Bizim Muradla olan dostluğumuz, yoldaşlıq münasibətlərimiz illər keçdikcə daha da güclənmişdi. Yay tətillərini belə birlikdə keçirirdik. 2016-cı ilin yay aylarında Muradı bizim kəndə ‒ Goranboy rayonunun Zeyvə kəndinə dəvət etdim. Muradla kənddə gəzib əyləndik. O, uşaqlıqdan kənd çayında çimməyin arzusunda idi. Birlikdə gedib çayda çimdik. Qarpız kəsib, kənd pendirini ləzzətlə yedik. Həmin gün həm də Muradla ata mindik.
    – Muradın incəsənətə marağından, şairliyindən xəbəriniz var idimi?
    Tural: Muradla dərs vaxtı arxa sırada birlikdə otururduq. Çox gözəl və mənalı şeir və qəzəllər yazırdı.
    Əhməd: Murad incəsənətə lap əvvəldən maraq göstərirdi. Bizim incəsənət ilə yaxından-uzaqdan əlaqəmiz olmadığı üçün onun bu marağını o qədər də başa düşmürdük.
    Təbriz: Kulelidə oxuyanda gitara almışdı. Özü özbaşına ifa etməyi öyrənmək istəyirdi. Hamımız deyirdik ki, özün tək necə öyrənəcəksən? Alınmayacaq. Amma o heç birimizin dediklərinə fikir vermədi. Özü internetdən maraqlandı, məktəbdə kursa yazıldı, özü təkbaşına öyrəndi. Bir gün oturmuşduq. Birdən “Cənab Leytenant” mahnısını ifa etməyə başladı. Məəttəl qalmışdım. Tək mən yox, hamımız məəttəl qalmışdıq ki, o təkbaşına ifa etməyi necə öyrəndi. Murad çox əzmkar uşaq idi.
    Əhməd: Biz şeirə, musiqiyə uzaq olduğumuz üçün onun şairliyini də anlamırdıq. Bəzi şeirlərinə qulaq asırdıq, bəzilərini bilirdi ki, biz başa düşməyəcəyik, büküb atırdı. Ədəbiyyat müəllimləri isə onun şeirlərini yüksək qiymətləndirirdilər. Hətta şeirlərindən biri “Mürekkebimdir Kuleli” kitabında da çap olunmuşdu. İndi çox istəyərdim ki, onun bütün şeirlərini oxuyum. Öz səsiylə olmasa da, olar. Onsuz da səsi qulağımdadır. Və istərdim ki, onun gitara ifasına sona qədər və bölünmədən qulaq asım.
    – Muradla sonuncu dəfə nə vaxt danışmısınız?
    Əhməd: Biz Qazaxda idik. Oranın müdafiəsini gücləndirirdik. Axşam saatlarında zəng etmişdi Murad. Bir az danışdıq. Nə isə olacağını hiss etmişdi sanki. Dost-tanışlarımız arasında heç kəsin pis xəbəri gəlməmişdi və gəlməyəcəyinə də inanırdıq. Həmişəki söhbətlərimiz kimi bu məsələdə də bir az zarafat etdik. Amma səhəri gün dostlarımızın ilk şəhid xəbərini eşitdik. Hissləri Muradı yanıltmamışdı. Bu xəbərdən sonra hansı vəziyyətə düşdüyümüzü, yəqin ki, hamı təsəvvür edə bilər.
    Murad evimizdə qonaq olmuşdu. Valideynlərimin və dostlarımın qısa zamanda rəğbətini qazanmışdı. Uzun müddət onun şəhid olduğunu evdəkilərdən gizlətmişdim. Muradla bağlı çoxsaylı suallardan sonra həqiqəti demək məcburiyyətində qalmışdım.
    Gündüz: Mən demək istəyirəm ki, Murad, sən və sənin kimi qardaşlarımız sayəsində, sizin hesabınıza, sizin qanınız, canınız bahasına biz qələbə qazandıq. Mən hər bir şəhid qardaşımın, bacımın qarşısında baş əyirəm. Murad, yaxşı ki az da olsa, səninlə xoş günlərimiz oldu. Hər zaman ürəyimizdə, tariximizdə bir qəhrəman olaraq qalacaqsan.
    Nihat: Allah sənə rəhmət eləsin. “Şəhidlər ölməz” deyirlər. Sən də ölmədin. Qəlbimizdə yaşayırsan. Yaşatmaq üçün də əlimizdən gələni edəcəyik.