Mən Muradın böyük xalasıyam. Qazax rayonunun sərhəd kəndi olan ‒ Məzəm kəndində yaşayıram.
Murad haqqında çox danışa bilərəm. O tez-tez kəndə gələrdi, mənə də baş çəkərdi. Murad boylu-buxunlu, çox çılğın, istiqanlı uşaq idi. O həm də çox ağıllı, dərrakəli, qoçaq idi. Həmişə deyərdi ki,
mən hərbçi olacağam. Uşaqlıqdan istəyi, arzusu hərbçi olmaq idi. Deyirdi:
“Xala, gərək mən bu ermənilərin axırına çıxam”. Vaxt gəldi, vədə yetişdi,
Murad orta məktəbi bitirib, hərbi məktəbə daxil oldu. Oxudu, hərbçi oldu. Rütbəsi leytenant idi. Üç ay idi, məktəbi qurtarıb işləyirdi ki, İkinci Vətən Müharibəsi başladı. O da digər gənclər kimi, vətənimizin igid oğulları kimi yurdumuzun müdafiəsinə yollandı. Oktyabrın 11-i Füzuli–Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhid oldu.

Vətənə sədaqət, məhəbbət, igidlik və qoçaqlıq Murada həm də irsi olaraq keçmişdi. Mən mühacir qızıyam. Atam Məhəmmədi Qəzənfər Cənubi Azərbaycanın azadlığı uğrunda üsyanda iştirak etmiş və 1946-cı ildə məlum məsələyə görə Azərbaycana köçmüşdür.
Mən şəhid anasıyam. Muradın xalası oğlu ‒ mənim kiçik oğlum Süleymanov Şahin 1973-cü il təvəllüdlü idi. Hələ 19 yaşı tamam olmamışdı. O, 1992-ci ildə Birinci Vətən Müharibəsində Odun dağı deyilən yüksəklik uğrunda gedən döyüşlərdə topçu yoldaşları ilə xəyanətə uğrayıb, şəhid olmuşdur.
Böyük oğlum Süleymanov Bəhruz Birinci Vətən Müharibəsində polis dəstəsində torpaqlarımızın bütövlüyü
uğrunda vuruşub, indi isə təqaüddədir. Üç nəvəm hərbçidir. İkisi Sərhəd Qoşunlarında, biri Daxili Qoşunların xüsusi təyinatlı dəstəsində vətənə qulluq edir. Kəndimizdə mənfur düşmənlərlə nə qədər atışmalar olub, başımız min cür bəlalar çəkib, evimiz-eşiyimiz dağılıb, mən yenə də heç vaxt kənddən qırağa çıxmamışam. 74 yaşım var, bu yaşımda da canımı vətən üçün fəda edərəm.
Muradın indisi də, keçmişi də vətənə bağlı insanlar olub. Murad da onların yolunu davam etdirib.
Muradın çox arzuları var idi. Hamısı yarımçıq qaldı. Vətən sağ olsun!
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bütün şəhidlər hamısı bizim balalarımızdır, hamısı bizim övladlarımızdır. Ruhları qarşısında şəhid anası kimi dönə-dönə baş əyirəm.